Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” konqresinin 5 illik yubileyi qeyd olunub
Martın 11-də Heydər Əliyev Mərkəzində “Caspian Event Organisers” şirkətinin təşkilatçlığı ilə Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” konqresi keçirilib.
Artıq ənənəyə çevrilmiş konqresin
bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman), “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Dayanıqlı və Operativ
Sosial Təminat Agentliyi (DOST Agentliyi), DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzi, Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 5 illik
yubileyi qeyd olunub.
Konqresin əsas məqsədi və başlıca
hədəfi ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında
məlumatlılığı artırmaq, ən əsası isə həmin şəxslərə düzgün yanaşma ilə onları
cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.
Konqresin açılış mərasimində xalq
artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova layihə üçün xüsusi
olaraq yazılmış “Fərqli Fərdlər” himnini ifa ediblər.
3 bölmə və panel müzakirələrlə işini davam etdirən konqresdə geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə Azərbaycan, ABŞ, Belarus, İsrail, Rusiya, Türkiyə və digər ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edib. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri ilə seçilənlər də olub.
“Regional İnkişaf” İctimai
Birliyinin könüllüləri təbdirin təşkilinə yaxından dəstək veriblər.