150 +994505000150

“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

26 yanvar 2023
Paylaş
“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində yanvarın 26-da Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında həyata keçirilən “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans genderə həssas pedaqogika sahəsində qabaqcıl təcrübələri müzakirə etmək və əməkdaşlıq platforması yaratmaq üçün müvafiq dövlət qurumları, beynəlxalq təşkilat və qeyri-hökumət təşkilatının ümumilikdə 200-dən çox nümayəndəsini bir araya gətirib.

Hibrid konfransın məqsədi Azərbaycanda genderə həssas təhsil mühitinin inkişafına təkan vermək idi. 

Konfransın açılış nitqi ilə çıxış edən “Regional inkişaf” İctimai Birliyinin layihə rəhbəri Zərifə Məmmədli bildirib ki, genderyönümlü təhsil mühitinin inkişafını təşviq etmək, genderyönümlü pedaqogika üzrə məzmunun pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəblərin ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etmək və aidiyyəti qurumlar üçün əməkdaşlıq platforması yaratmaq konfransın əsas hədəflərindəndir.

Konfransın açılışını çıxışları ilə davam etdirən BMT-nin Qadınlar üzrə Agentliyinin EU4GE Regional proqram menecerinin vəzifəsini icra edən Dilara Büyüktaş, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin proqram rəhbəri Səbinə Manafova, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktorunun müavini Ülkər Babayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələrdən danışaraq, layihənin ölkəmizdə genderə həssas təhsil mühitinin inkişafında əhəmiyyətini vurğulayıblar.

Təhsil İnstitutunun Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva “Ümumi təhsildə müəllim hazırlığında genderyönümlü yanaşmalar”, monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Şəhanə Məmmədli ““Ümumi təhsildə genderyönümlü yanaşmanın təşviqi” təlimində iştirak edən müəllimlərin nəticələrinin təhlili”, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə “Ali təhsil səviyyəsində genderyönümlü pedaqogika: Azərbaycan nümunəsi” mövzularında çıxışlar edərək layihə çərçivəsində görülən işlərlə bağlı məlumat veriblər.

Konfrans işini “Genderyönümlü tədris prosesi”, “Genderyönümlü tədris və öyrənmə materialları” və “Genderə həssas təhsil mühitinin təşviqi üçün maraqlı tərəflərin cəlbi və müvəkkillik” mövzularında panel iclasları ilə davam etdirib. Panel iclaslarında çıxış edən Azərbaycan, Türkiyə və Gürcüstandan olan məruzəçilər ümumi və ali təhsil səviyyələrində gender bərabərliyinin aşılanması, erkən uşaqlıq dövründə inkişafda genderyönümlü yanaşmanın əhəmiyyəti, tədris materiallarının gender aspekti nəzərə alınmaqla hazırlanması, bu sahədə aparılan tədqiqatlar və əldə olunan müsbət nəticələr, müvafiq sahədə yerli və beynəlxalq nümunələr, təhsil mühitində gender bərabərliyinin təşviqi üçün effektiv kampaniyalar, təhsil siyasəti və qanunvericiliyində gender məsələlərinin nəzərə alınmasının vacibliyi və digər mövzulara toxunublar.


FOTO