Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda müasir dayanıqlı icma konsepsiyasının təşviqi” layihəsi çərçivəsində yanvarın 24-də aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, millət vəkilləri və ekspertlərin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib.
Tədbirin açılışında çıxış edən “Regional İnkişaf“
İctimai Birliyinin layihə rəhbəri Əfqan Əliyev layihə çərçivəsində paytaxt və regionlarda məcburi köçkün
icmalarının təlimləndirilməsi, ekspertlər tərəfindən fokus qrupları ilə aparılan
sorğu və müsahibələrin nəticələri, eləcə də müxtəlif mənbələrdən əldə olunan məlumatlar
əsasında dayanıqlı və davamlı icmanın təşviqinə dair konsepsiya sənədinin
hazırlandığını, sənədin Azərbaycan
Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə verəcəyini bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədr müavini Fuad Hüseynov öz çıxışında bildirib ki, məcburi
köçkünlərin problemlərinin uzunmüddətli və dayanıqlı həlli onların doğma
torpaqlarına beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətli
qayıdışı ilə bağlı idi. Vətən müharibəsi nəticəsində qazanılmış tarixi Zəfər nəticəsində
soydaşlarımızın Böyük Qayıdışına imkan yarandı. Məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının
təmin edilməsində davamlı icmaların qurulması olduqca mühüm əhəmiyyət kəsb
edir. Bu baxımdan belə bir konseptual sənədin hazırlanması zəruridir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Quido Ambresso çıxışında bu sənədin daxili köçürmə üzrə
rəhbər prinsiplərə əməl olunmaqla Qarabağda dayanıqlı və davamlı icmanın
qurulmasının ən yaxşı həll yollarının tapılmasında faydalı olacağına ümid
etdiyini və Ali Komissarlığın bu sahədə fəaliyyət göstərən qurumların potensialının gücləndirilməsini dəstəkləməyə
hər zaman hazır olduğunu qeyd edib.
Daha sonra ekspertlər Anar Vəliyev və Lalə Cumayeva
tərəfindən hazırlanan “Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı icma quruculuğu
konsepsiya sənədi”nin təqdimatı keçirilib, iştirakçıların sualları
cavablandırılıb.
Tədbirin davamında Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ombudsman Aparatı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qarabağ Dirçəliş Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, BMT-nin Qadınlar üzrə Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı, Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəssislərinin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin müzakirəsi aparılıb. Səsləndirilən təkliflər əsasında konsepsiya sənədinin təkmilləşdirilərək aidiyyəti üzrə təqdim olunması qərara alınıb.