150 +994505000150

“Öyrən, inan, faydalan” layihəsinin bağlanış mərasimi keçirilib

5 dekabr 2022
Paylaş
“Öyrən, inan, faydalan” layihəsinin bağlanış mərasimi keçirilib

Xəzər rayonunda yerli icma birlikləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, “EkoSfera” Sosial İctimai Birliyin- təşkilatçılığı ilə həyata keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsinin noyabrın 30-da bağlanış mərasimi keçirilib. Layihə çərçivəsində Xəzər rayonunun Binə, Türkan, Zirə, Şüvəlan qəsəbələrindən olan könüllülər təlimlərə cəlb ediliblər. Təlimlərin məqsədi əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək vermək olub.

1 saylı Bakı DOST Mərkəzində keçirilən tədbirdə, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov rəhbərlik etdiyi qurumun sosial müdafiə sahəsində maarifləndirmə işinə daim dəstək olduğunu bildirib. O qeyd edib ki, layihə çərçivəsində müxtəlif sahələr üzrə keçirilən təlimlərdə DOST Agentliyinin əməkdaşları fəal iştirak ediblər.

 

Milli Məclisin deputatı Soltan Məmmədov qeyd edib ki, “Öyrən, inan, faydalan” layihəsi əhalinin sosial müdafiəsi və icbari tibbi sığorta ilə bağlı qanunvericilik sahəsində vətəndaşların maarifləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

 

“Regional İnkişaf” İctimai Birliyinin mütəxəssisi Əfqan Əliyev vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədlərini özündə ehtiva edən sosial layihələrə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən daim dəstək olunduğunu qeyd edərək, layihə müddətində verdikləri tövhələrə görə tərəfdaş qurumlara təşəkkür edib.

 

Tədbirdə “EkoSfera” Sosial-Ekoloji Mərkəzin rəhbəri Firuzə Sultan-zadə “Öyrən, inan, faydalan” layihəsinin əhalinin həssas qruplarının sosial və tibbi sahədə hüquq və vəzifələri barədə maariflənmə işindəki rolunu diqqətə çatdırıb.

 

Daha sonra altı ay boyunca davam edən layihəni özündə əks etdirən təqdimat və videoçarx nümayiş edilib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova keçirilən təlimlərin gənclər üçün əhəmiyyətini qeyd edib və gələcək əməkdaşlığa daim açıq olduqlarını vurğulayıb.

 

“Öyrən, inan, faydalan” layihəsinin könüllüsü Azər Məlikov tibbi və sosial sahədə əldə etdikləri bilik və yüksək səviyyədə komanda işinin təşkilinə görə bütün könüllülər adından təşkilatçılara minnətdarlığını bildirib.

 

Sonda layihədə təlimçi qismində iştirak edən mütəxəssislər təşəkkürnamə ilə təltif olunublar. Layihə könüllülərinə, “Öyrən, inan, faydalan” layihəsini uğurla başa vurduqlarına görə sertifikatlar təqdim edilib.



FOTO