150 +994505000150

Bakıda Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunan festival keçirilib

2 dekabr 2022
Paylaş
Bakıda Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunan festival keçirilib

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə bağlı Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Şərq Bazarı” kompleksində festival keçirilib.

Festivalda rəsmi qonaqlarla yanaşı, uşaqlar üçün xidmət müəssisələri və internat məktəblərinin sakinləri olan uşaqlar, ictimaiyyət nümayəndələri də iştirak edib.


Tədbirin qonağı olan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Səyyarə Gülaliyeva çıxış edərək ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının təmin olunması istiqamətində aparılan dövlət siyasətindən, həmin insanların sosial müdafiəsinə, rifah halının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyasının təşkilinə yönələn tədbirlərdən, bu sahədə qanunvericilik bazasının daim təkmilləşdirilməsindən danışıblar.


Festivalın açılışında Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütovlüyü uğrunda sağlamlıq imkanlarını itirmiş qazilərimizə göstərilən qayğı və onların problemlərinin həlli istiqamətindəki addımlar barədə də məlumat verilib.


Heydər Əliyev Fondunun sağlamlıq imkanları məhdud olan şəxsləri daim diqqətdə saxladığı, həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, qayğı ilə əhatə olunması, sağlamlığı, təhsil imkanlarının genişləndirilməsi və digər istiqamətlərdə proqramlar və layihələr icra etdiyi bildirilib.


Həmçinin qeyd edilib ki, son dövrlərdə bu sahədə aidiyyəti qurumlar, beynəlxalq təşkilatlar və qeyri-hökümət təşkilatları arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və adaptasiyası, özünüinkişaf imkanlarının yaradılması, yaradıcı və intellektual bilik və bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi istiqamətində bir sıra layihələr icra edilib. 


Daha sonra əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VI Ümumrespublika yarışının qalibləri mükafatlandırılıb.


Tədbir əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgi yarmarkasının təşkili və bədii-əyləncəli proqramlarla davam edib. Festival müddətində "Ümid var" Yaradıcılıq Mərkəzi, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və 268 nömrəli xüsusi məktəbin təmsilçilərinin ifasında musiqi nömrələri dinlənilib, rəqslər nümayiş olunub, uşaqlar üçün intellektual oyunlar, müsabiqələr və ustad dərsləri keçirilib.


FOTO