“İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşdırılan startapların regional seçim mərhələsi başa çatıb
“İdeyadan biznesə” (“I2B”) layihəsi çərçivəsində formalaşdırılan startapların regional seçim mərhələsi noyabrın 26-da Naxçıvan şəhərində keçirilən tədbirlə başa çatıb.
Tədbirdə layihə çərçivəsində inkubasiya proqramını
uğurla tamamlamış, öz startaplarının ilkin prototipini və ya minimal işlək məhsulunu
hazırlayan, Naxçıvan şəhəri, Babək, Şahbuz və Ordubad rayonlarından ümumilikdə
11 komanda münsiflər heyəti qarşısında öz startaplarını təqdim edib.
Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Naziliyinin Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Gənclər Fondu və “SUP VC” Akselerasiya Mərkəzinin nümayəndələrindən ibarət münsiflər heyətinin rəyi əsasında Şahbuz rayonundan “Beybi” və “Onlayn aptek”, Naxçıvan şəhərindən isə “S2A” layihəsi ən uğurlu startap seçilərək Bakıda təşkil olunacaq finalda iştirak hüququ qazanıb.
Xatırladaq ki, layihə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə icra edilir.