20 noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya başa çatıb
BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində cari ilin noyabr ayında ölkə üzrə müxtəlif məzmunlu tədbirlər həyata keçirilib.
Belə ki, 14-15 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində yeniyetmələrin internet platformasından və sosial şəbəkələrdən düzgün istifadə bacarıqlarını inkişaf etdirmək, onları uşaq hüquqları haqqında məlumatlandırmaq məqsədilə “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim təşkil edilib.
Beynəlxalq və yerli mütəxəssislər tərəfindən keçilən təlimdə 14-18 yaşarası iştirakçılar psixi sağlamlıq, kiber təhlükəsizlik, həyati bacarıqlar, uşaq hüquqları, sosial mediadan düzgün istifadə, şəxsi brendin yaradılması, hədəf kütlə, texniki göstəricilər, hekayə yaratma və digər mövzularda təlimləndirilib, həmçinin qruplara ayrılaraq tapşırıqlar əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbirlər çərçivəsində noyabrın 16-da Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə əməkdaşlıq əsasında
“Hüquqlarımız üçün oynayırıq” şüarı ilə həssas kateqoriyadan olan 11-13
yaşarası uşaqlar üçün futbol idman növü üzrə tədbir keçirilib. İlk
olaraq Bakı Olimpiya Stadionuna tanışlıq səfəri edən uşaqlar futbolçularla
görüşdə iştirak edib, onları maraqlandıran suallara futbolçulardan cavab
alıblar.
Şərti olaraq “Uşaqlar vəzifə başında” adlandırılan
tədbir həssas kateqoriyalardan olan bir qrup uşağın müxtəlif qurumlara səfərinin,
rəhbər şəxslərlə görüş və birgə fəaliyyətlərinin təşkilinə yönəlmişdi.
Uşaqların erkən yaşlardan
səlahiyyətləndirilməsinə, onlarda özünəinam hissinin artırılmasına, həmçinin
sosiallaşmalarına dəstək məqsədi daşıyan tədbir Medianın İnkişafı Agentliyi, Ombudsman
Aparatı, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi və Şamaxı Rayon
İcra Hakimiyyətində təşkil edilən maraqlı görüşlərlə yadda qalıb. Görüşlər
zamanı uşaqlar qurumun fəaliyyəti barədə geniş məlumatlandırılmış, struktur
bölmələrin iş prosesi ilə tanış olmuş, eləcə də rəhbər şəxslərlə idarəetmə
prosesində fəal iştirak edərək, müxtəlif məsələlərlə bağlı maraqlı təkliflər səsləndirmişlər.
Genişmiqyaslı kampaniyanın fəaliyyətləri əsasında
Bakı və regionlarda - Qazax, Ağstafa, Tovuz, Şəmkir, Tərtər, Bərdə, Yevlax,
Ağcabədi rayonlarında məktəblilər üçün uşaq hüquqları ilə bağlı məlumatlandırıcı
seminarlar təşkil olunub, maarifləndirici materiallar paylanılıb. Seminarlar “Regional
İnkişaf” İctimai Birliyinin mövzu üzrə xüsusi təlimlərdən keçmiş könüllüləri tərəfindən
aparılıb və fərqli yaş qruplarından 500-dən çox şagirdi əhatə edib.
100-dən çox uşağın iştirakı ilə noyabrın 19-da “Hüquqlara
doğru irəlilə” şüarı altında paytaxtın Gənclik parkında marafon-yürüş təşkil olunub. Dairəvi
trayektoriya üzrə marafon-yürüşü
başa vuran uşaqlar uşaq hüquqları mövzusunda interaktiv və öyrədici oyunlara
qatılıb, əyləncəli fəaliyyətlərdə iştirak ediblər.
Həmçinin Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətini
ictimaiyyətin diqqətinə çatdırmaq üçün uşaq hüquqlarının ən vacib komponentlərini
özündə əks etdirən animasiyalı elektron poster hazırlanaraq Bakı şəhərinin mərkəzi küçələrində yerləşdirilib.
Uşaq hüquqlarına simvolik dəstək ifadə etmək məqsədilə
noyabrın 20-si axşam saatlarında Bakı şəhərinin görünüşünə xüsusi gözəllik
qatan Bakı Kristal Zalı və Milli Gimnastika Arenasının mavi rəngdə işıqlandırılması
sakinlər tərəfindən maraqla qarşılanan tədbirlərdən olub.
Qeyd edək ki, kampaniya uşaqları öz hüquqları barədə maarifləndirmək və ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyırdı.