150 +994505000150

Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunan marafon yürüşü keçirilib

19 noyabr 2022
Paylaş
Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunan marafon yürüşü keçirilib

Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilən kampaniya çərçivəsində Gənclik parkında 100-dən çox uşağın iştirakı ilə marafon yürüşü keçirilib. Yürüş dairəvi trayektoriya üzrə keçirilib. Marafon yürüşünü başa vuran uşaqlar uşaq hüquqları mövzusunda interaktiv və öyrədici oyunlara qatılıb, əyləncəli fəaliyyətlərdə iştirak ediblər. Kampaniyanın məqsədi uşaqları öz hüquqları barədə maarifləndirmək və ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.

Tədbir BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə təşkil olunub.

Ombudsman Aparatının nümayəndəsi Nigar Ağayeva, UNICEF-in Azərbaycan nümayəndəsi Aleks Haykens, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Şamil Əzizov çıxış ediblər. Çıxışlarda uşaqların fiziki, əqli və psixi sağlamlığının, onların hərtərəfli şəxsiyyət kimi böyüməsinin vacibliyi, ölkəmizdə BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq uşaq hüquqları ilə bağlı milli qanunvericilik bazasının təkmilləşdirilməsi, uşaqlar üçün keyfiyyətli həyat standartlarının təmin olunması istiqamətində dövlət tərəfindən atılan uğurlu addımlardan danışılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi genişmiqyaslı layihələr barədə məlumat verilib. Uşaq hüquqlarının təşviqi və təbliği, bu sahədə maarifləndirmə işinin aparılması, uşaqların sağlamlığı və inkişafı istiqamətində təşəbbüslərin icrası məqsədilə aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Tədbir əyləncə proqramı ilə davam edib.


FOTO