150 +994505000150

“İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşdırılan startapların Lənkəranda ilk regional seçim mərhələsi keçirilib

12 noyabr 2022
Paylaş
“İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşdırılan startapların  Lənkəranda ilk regional seçim mərhələsi keçirilib

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə icra edilən “İdeyadan biznesə” (“I2B”) layihəsinin Lənkəran şəhərində noyabrın 12-də ilk regional seçim mərhələsi keçirilib. Tədbirdə layihə müddətində inkubasiya proqramını uğurla tamamlamış Lənkəran, Quba-Xaçmaz və Dağlıq Şirvan regionundan olan startapların təqdimatı həyata keçirilib.

Təqdimatların nəticəsinə əsasən Azərbaycan Gənclər Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və “SUP VC” Akselerasiya Mərkəzinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən ən uğurlu 3 startap seçilərək finalda iştirak hüququ qazanıb.

Lənkəran şəhəri üzrə “AgroTech” sahəsində formalaşan “Aqrodost” startapı ölkədə əkinçiliklə məşğul olan fermerlər üçün fəaliyyət göstərən, digəri - "Elektron ticarət" sahəsinə aid “Alsan.az” startapı isə Bakıdan brend məhsulların regionlara çatdırılmasını asanlaşdıran operativ xidmət platformasıdır.

İsmayıllı rayonunda "EduTech" sahəsində formalaşdırılan “TutorLab” startapı şagirdlərin qiymətləndirilməsinə nəzarət imkanı yaradan platforma olub, təhsil keyfiyyətinin artırılmasına hədəflənib.

Qeyd edək ki, 2022-ci ildə “İdeyadan biznesə” layihəsinin inkubasiya proqramında 100-dən çox layihə formalaşmış, onlardan 30-u konsept, prototip və ya minimal işlək məhsul mərhələsinə çatdırılmışdır.


FOTO