150 +994505000150

Beynəlxalq Qızlar Günü münasibətilə fəal gənc qızların hökümət və özəl qurumlara tanışlıq səfərləri təşkil edilib

13 oktyabr 2022
Paylaş
Beynəlxalq Qızlar Günü münasibətilə fəal gənc qızların hökümət və özəl qurumlara tanışlıq səfərləri təşkil edilib

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində fəal gənc qızların paytaxtda fəaliyyət göstərən hökumət və özəl qurumlara tanışlıq səfərləri təşkil edilib.

Səfərlərdə həssas əhali qruplarından (şəhid övladları, əlilliyi olan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsil alan) olan qızlar da daxil olmaqla, ümumilikdə 13-17 yaş arası 22 nəfər iştirak edib.

6-12 oktyabr tarixlərində kampaniyada iştirak edən qızlar Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi, ADA Universiteti, "Azerconnect" və "AzerTelecom" şirkətlərini ziyarət ediblər. 

Qızların erkən yaşlardan səlahiyyətləndirilməsi, onların özünəinam hissinin və ictimai fəallığının artırılması, eləcə də liderlik bacarıqlarının inkişafına xidmət edən kampaniya çərçivəsində iştirakçılar ziyarət etdikləri qurumların gender bərabərliyinin təşviqi üzrə fəaliyyətləri  ilə tanış olub, eyni zamanda rəhbər şəxslərlə göruşlərə qatılaraq onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar. 

Kampaniya cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etmək məqsədilə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” və UNFPA və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramları çərçivəsində təşkil olunub.

FOTO