150 +994505000150

Azərbaycan dilçiliyi mövzusunda beynəlxalq elmi konfrans keçirilib

8 oktyabr 2022
Paylaş
Azərbaycan dilçiliyi mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG 2022 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

Neftçala rayon Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda 70-dən çox dilçi alim və gənc tədqiqatçı iştirak edib.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Jalə Muradova xalqın milli varlığının ən əsas təminatçısı və mənəvi sərvətimiz olan ana dilinin dövlət dili elan edilməsində, inkişafı və təbliğində, eləcə də ona çox böyük hörmət və məhəbbət qazandırmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olduğunu, dövlət dil siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondu tərəfindən ana dilimizin inkişafı və təbliği istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata keçirildiyi, Fondun təşkilatçılığı ilə dünyanın bir sıra xarici universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədris olunduğu və müxtəlif nəşrlərin hazırlandığı vurğulanıb. Həmçinin “Regional İnkişaf” İctimai Birliyinin milli-mənəvi dəyərlərin, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, doğma dilimizin saflığının qorunması istiqamətində göstərdiyi fəaliyyətdən danışılıb. Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova qloballaşan dünyada doğma dilimizin saflığının, özünəməxsusluğunun qorunmasının qarşıda dayanan vacib vəzifələrdən olduğunu, konfransın bu işə əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

Konfransın açılışında iştirak edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov konfransın ana dilimizin tədqiqi və təbliğində əhəmiyyətini qeyd edib.Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova çıxış edərək, dünya dilçilik elminin inkişafı fonunda doğma ana dilinin tədqiqatına verdikləri töhfələrə görə elm adamlarına təşəkkür edib, iştirakçılara uğurlar arzulayıblar. Açılış mərasimində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Nailə Həsənova, Pekin Xarici Dillər Universitetinin professoru Liu Zhao və Fırat Universitetinin müəllimi Süleyman Kaan Yalçın və digərləri konfransın dövrün tələblərinə uyğun dəyişən və inkişaf edən Azərbaycan dilinin tədqiqinə verəcəyi töhfədən, gənc tədqiqatçıların bu cür elmi konfranslara cəlb edilməsinin əhəmiyyətindən, eyni zamanda, xarici ölkələrdə fəaliyyət göstərən dilçi alimlərlə birgə təcrübə mübadiləsinin aparılmasının vacibliyindən danışıblar.

Daha sonra konfransda AMEA Dilçilik İnstitutunun professoru İsmayıl Kazımov “Azərbaycan dili və müasir dilçilik elmi”, Bakı Dövlət Universitetinin dosenti Qızılgül Abdullayeva “Durğu işarələrinin qədim türk dilindəki tarixi mənzərəsi”, “Diksiya” Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlunun “Dilin nitq prosesində istifadə imkanları: problemlər və təkliflər” mövzusunda çıxışları dinlənilib.

Panel iclaslarda müasir dilçilik cərəyanları və Azərbaycan dilinin tədqiqi, Azərbaycan dilinin beynəlxalq tədrisi, Azərbaycan dili dərsliklərinə konseptual yanaşmalar və dil məsələləri, Azərbaycan dili və tərcümə problemləri, Azərbaycan dili və kompüter dilçiliyi, dil siyasəti və dil planlaşdırılması, dilçilik elmi və Azərbaycan ədəbiyyatı və digər vacib mövzular ətrafında mühazirələr dinlənilib, müzakirələr aparılıb. Ümumilikdə 68 elmi məruzə dinlənilib. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və konfransın materiallarından ibarət toplunun çap etdiriləcəyi bildirilib.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanından irəli gələrək müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək olmaq, Azərbaycan dilinin xaricdə tədrisi məsələlərinə diqqət çəkmək, eyni zamanda gənc tədqiqatçılara bu istiqamətdə əlavə imkanlar yaratmaqdır.

FOTO