Beynəlxalq Qızlar Günü münasibətilə fəal qızların Bahar Muradova ilə görüşü keçirilib
7 oktyabr 2022-ci il tarixində 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın fəal qızlarla görüşü təşkil olunub.
Görüşdə həssas əhali
qruplarından olan (şəhid övladları, əlilliyi olan, valideyn himayəsindən məhrum,
internat məktəblərində təhsil alan) qızlar da daxil olmaqla, ümumilikdə 13-17
yaş arası 22 nəfər iştirak edib. Qonaqları salamlayan Komitə sədri Bahar
Muradova, görüş təşəbbüsünə görə təşkilatçılara, eləcə də bu yaşda ictimai fəallıq
və vətəndaş mövqeyi nümayiş etdirdiklərinə görə iştirakçılara təşəkkür edib.
Bu gün Azərbaycan
xalqının, xüsusilə qadınların, qızların həyatında əlamətdar hadisənin ildönümü
olduğunu qeyd edən sədr, Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda yaradılan,
müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin tarixindən bəhs edib. O əlavə
edib ki, 2011-ci ildə Beynəlxalq Qızlar Gününün təsis olunması qızların bərabər
iştirakçılığı və hüquqularının təmin olunması baxımından mühüm əhəmiyyətə
malikdir. Şəhid ailələrindən olan qızların da görüşdə iştirak etdiyini
xatırladan B.Muradova, şəhidlərimizin xatirəsinə ehtiramını ifadə edib. Azərbaycanın
işğal altında olan torpaqlarının igid oğulların cəsarəti və qəhrəmanlığı sayəsində
azad edildiyini, şəhidlərimizin qanının yerdə qalmadığını və bu gün ölkəmizin
quruculuq, yeni inkişaf dövrünə qədəm qoyduğunu vurğulayıb.
Çıxışının davamında B.Muradova, uşaqların sağlam böyüməsi, inkişafı və təhsili, hüquqlarının təmin olunması istiqamətində, eləcə də ölkənin bütün vətəndaşlarının rahat yaşayışını, rifahını, təhlükəsizliyini təmin etmək məqsədilə dövlət və onun hər bir qurumu tərəfindən, həmçinin beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində, müxtəlif layihələrin həyata keçirildiyini söyləyib.
"Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndəsi Zərifə Məmmədli Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə, RİİB tərəfindən icra edilən 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya barədə məlumat verib. O, qızların erkən yaşlardan səlahiyyətləndirilməsi, onların özünəinam hissinin və ictimai fəallığının artırılmasına xidmət edən kampaniyanın məqsədinin, cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etmək olduğunu qeyd edib. Görüş, iştirakçıları maraqlandıran mövzular barədə müzakirə və səmimi söhbətlərlə davam edib. Sonda Komitə sədri qızların səsləndirdiyi fikirlərə münasibət bildirərək, onlara öz tövsiyələrini verib.