Məktəblərdə gender bərabərliyini təşviq etmək üçün müəllimlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təlimdə iştirak edib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birgə həyata keçirilən “EU4 Gender Bərabərliyi: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı birlikdə” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində “Gender pedaqogikası” mövzusunda təlimçilər üçün təlim (ToT) proqramında Bakı, Gəncə və Lənkərandan 50-dən çox təlimçi-müəllim iştirak edib.
Təlimçilər üçün təlim
(ToT) proqramının əsas məqsədi layihənin hədəf regionları olan Bakı, Gəncə və Lənkəran
şəhərlərində genderə həssas akademik mühitin yaradılmasına dəstək olmaq məqsədilə
məktəb və ali təhsil müəllimlərinə təlimlər və mentorluq xidmətləri göstərmək
üçün usta təlimçi/müəllimlər hazırlamaqdır. Layihənin ümumi məqsədi təhsil
sistemi vasitəsilə gender məlumatlılığının artırılması və gender stereotiplərinin
aradan qaldırılmasıdır.
3 gün davam edən təlimçilər
üçün təlim (ToT) zamanı iştirakçılar tədris və təlim proseslərinin qızların və
oğlanların xüsusi ehtiyaclarına cavab verməsinin müxtəlif yolları haqqında məlumat
əldə ediblər. Təlim proqramı təlimçi-müəllimlərin genderə həssas pedaqogika üzrə
bilik, bacarıq və yanaşmalara yiyələnməsini təmin edərək, onların həm qızların,
həm də oğlanların tədris və təlim proseslərində bərabər iştirakını təmin edən
genderə həssas metodologiyaların işlənib hazırlanması və istifadəsinə dair
anlayışlarını artırdı.
"Layihəmiz həm
oğlanların, həm də qızların ehtiyaclarının təmin edilməsi üçün gender
inklüzivliyinin və həssaslığın tədris və təlim təcrübələrinə inteqrasiyasını təşviq
edir. Müəllimlər təkcə şagirdlərin bacarıqlarının inkişafına deyil, həm də şəxsi
səlahiyyətləndirilməsinə, gələcək karyeralarına töhfə verən genderə həssas öyrənmə
mühitinin yaradılmasında mühüm rol oynayır. Buna görə də, layihənin təlim
komponenti müəllimləri gender mövzusunda məlumatlandırmaq məqsədi daşıyır və
onlara sinifdə, ümumi məktəb icmasında qız və oğlanların bərabər münasibət və
iştirakçı üçün əlverişli olan tədris metodlarından istifadə etməyə kömək edir”,
- bu barədə layihə rəhbəri Leyla Tağıyeva bildirib. O əlavə olaraq qeyd edib
ki, layihə çərçivəsində hazırlanmış gender pedaqogikası üzrə təhsil resursları
sinifdə qarşılıqlı əlaqəni genderə həssas və öyrənmə mərkəzli etmək üçün müəllimlərin
gender səriştələrini artırmaqla onların peşəkar ehtiyaclarına cavab verəcək.
Növbəti mərhələdə hədəf
regionlarda ümumilikdə 300 məktəb və 100 universitet müəlliminə gender
pedaqogikası üzrə təlimlər keçiriləcək. Keçiriləcək təlimlər məktəb və
universitet müəllimlərinin genderə həssas pedaqogika üzrə biliklərinin təkmilləşdirilməsinə,
gender bərabərliyinə əsaslanan təhsil sisteminin yaradılmasının müxtəlif
aspektləri haqqında məlumatlandırmasına, həmçinin bu sahədə praktiki bacarıq və
səriştələrinin artırmasına yönəlib.
Sözügedən layihə çərçivəsində,
həmçinin gender pedaqogikasına dair yeni hazırlanmış məzmunun ibtidai pedaqoji
təhsilin kurrikulumuna inteqrasiyası, eləcə də məktəb icmalarının və geniş
ictimaiyyətin gender məlumatlılığının artırılması üçün davranış dəyişikliyi
kampaniyalarının həyata keçirilməsi istiqamətində işlər aparılacaq.