RİİB-in “İdeyadan biznesə” düşərgəsi başa çatıb
“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 22-26 avqust tarixlərində keçirilən “Yay Fest”in “İdeyadan biznesə” düşərgəsi başa çatıb. Düşərgəyə respublikanın paytaxt və regionlardan innovasiyalar, texnoloji yeniliklər və startaplara maraq göstərən 220-dən çox gənc qatılıb.
Düşərgə müddətində iştirakçılar üçün innovasiya
və startap təfəkkürü, startap komandalarının formalaşdırılması, startapların təqdim
edilməsi və digər mövzularda təlimlər, seminarlar, təqdimatlar, hakatonlar, müxtəlif sahələri təmsil edən mütəxəssislərin
iştirakı ilə master-klaslar keçirilib. İştirakçılar aqro texnologiyalar,
yaradıcı sənaye, elm və təhsil, turizm, sosial innovasiyalar, media
texnologiyaları üzrə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm
və Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Medianın İnkişafı Agentliyinin
mütəxəssisləri tərəfindən məlumatlandırılıblar. Həmçinin, İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də
innovasiyaların inkişafına dəstək göstərən digər dövlət qurumları və özəl şirkətlərin
nümayəndələrinin iştirakı ilə “Startaplara dövlət dəstəyi” mövzusunda açıq
müzakirlər keçirilib.
Düşərgənin daha maraqlı və yaddaqalan olması, gənclər
arasında sağlam həyat tərzinin təbliği məqsədilə müxtəlif intellektual, əyləncəli
yarışlar, idman oyunları, müsabiqələr, yaradıcılıq gecələri, konsert
proqramları, eləcə də gəzintilər təşkil edilib.
Xatırladaq ki, “İdeyadan biznesə” düşərgəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra edilən “Yay Fest - Azərbaycan Gənclər Festivalı” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) eyniadlı layihəsi əsasında keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsində dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, paytaxt və regionlarda innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasıdır.