Qız övladlarının dəyərinin təşviq edilməsi mövzusunda çağırış videoçarxı hazırlanıb
BMT-nin Əhali Fondu “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə qız övladlarının dəyərinin təşviq edilməsi və səlahiyyətləndirilməsi mövzusunda çağırış videoçarxı ərsəyə gətirib.
Videoçarxın hazırlanmasında məqsəd oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeni ilə mübarizəyə töhfə vermək, habelə ailədə öhdəliklərin bərabər paylaşılması yolu ilə qadınların inkişafına təkan verən ədalətli davranış modelini təşviq etməkdir.
Videoçarxda bir sıra rəsmi şəxs və ictimai xadim iştirak edərək gender əsaslı cins seçimi və onun mənfi nəticələri, qız və oğlan övladlarının bərabər olması və bu bərabərliyin təmin olunmasında ailənin rolu, qadın və qızların təhsili, iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və ictimai həyatın bütün sferalarında bərabər iştirakı, eləcə də qərarvermə prosesində qadınların yer almasının əhəmiyyətinə toxunub, heç bir qadın və qızın kənarda qalmaması naminə ictimaiyyəti dəstək olmağa çağırıblar.
Videoçarx Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində hazırlanıb. Sözügedən proqramlar Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə icra olunur.