150 +994505000150

“Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

7 iyun 2022
Paylaş
“Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsinin icrası başa çatıb.

bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə icra olunan layihənin yekunlarına həsr edilən tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi, layihə rəhbəri Fərid Süleymanov bildirib ki, ötən müddət ərzində beynəlxalq ekspertlər tərəfindən universal öyrənmə dizaynı, yardımçı texnologiyanın inklüziv təlimdə istifadəsi, fərdi tədris planı və digər mövzularda təlim modulu hazırlanaraq 50-dən çox korreksiyaedici müəllim, məktəb psixoloqu, inklüziv təhsil üzrə mentorlar üçün təlimçilərin təlimi keçirilmiş, beynəlxalq ekspertlərin iştirakı ilə yardımçı texnologiya və inklüziv təhsil resurs otaqlarından istifadəyə dair təlimat hazırlanıb.

Bakı şəhəri 246 saylı məktəb-lisey və 202 saylı tam orta məktəbdə, Sumqayıt şəhəri 4 və 21 saylı tam orta məktəblərdə beynəlxalq ekspertlərin tövsiyə və təlimatları, universal öyrənmə dizaynının prinsipləri əsasında tam təchiz edilmiş inklüziv təhsil resurs otaqları yaradılılıb, müəllimlər və valideynlər üçün inklüziv təhsilə dair seminarlar, müxtəlif inkişafedici məşğələlər keçilib. İnklüziv təhsilin KİV-lərdə düzgün və geniş təbliği məqsədilə Medianın İnkişafı Agentliyi ilə birgə təşkil olunan seminarlarda müxtəlif media qurumlarının nümayəndələri üçün inklüziv təhsilin mahiyyəti, bu sahədə milli və beynəlxalq qanunvericilik bazası, ölkədə inklüziv cəmiyyətin və təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Maarifləndirmə işlərinin davamı olaraq müxtəlif sosial çarxlar və çap materialları hazırlanaraq yayımlanması və paylanması təmin edilib. Eləcə də əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası məqəsdilə “Fərqliyik, bərabərik” devizi altında inklüziv uşaq festivalı keçirilib.  Beynəlxalq ekspertlərlə birgə hazırlanmış “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatının müxtəlif dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təqdimatı keçirilib və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Tədbirdə iştirak edən bp Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında bp və tərəfdaşlarının korporativ sosial məsuliyyət çərçivəsində dəstək göstərdiyi bu layihənin əlilliyi olan uşaqların cəmiyyətə sıx inteqrasiyasına və ölkəmizdə inklüziv cəmiyyətin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib.

Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, inklüziv təhsil müəssisələrinin şəbəkəsinin ölkə üzrə genişləndirilməsi, müəllim hazırlığı, maarifləndirmə işlərinin aparılması və digər istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

202 saylı tam orta məktəbin direktoru Arzu Süleymanova layihə çərçivəsində məktəbdə yaradılan inklüziv təhsil resurs otağının hamı üçün bərabər təhsil imkanlarının yaradılması, müəllimlərin bilik və təcrübələrinin artırımasında əhəmiyyətli rol oynayacağınıqeyd edərək, layihə icraçılarına öz təşəkkürünü bildirib.

Sonda iştirakçılar inklüziv təhsil resurs otağında yaradılmış şəraitlə tanış olublar.


FOTO