Paytaxtın mərkəzi küçələrini klassik avtomobillər bəzəyib: yürüş və sərgi keçirilib
Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisini təşkil edib. Bakı Şəhər İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.
1982-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil
paytaxtın mərkəzi küçələri boyu hərəkət edib. Onların arasında yürüş üçün
qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev
Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan
nəqliyyat vasitələri yer alıb.
Yürüşdə
iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən "Ford Model
A", ən yeniləri isə 1982-ci ilə aid olanlardır.
Yürüşün
marşrutu Heydər Əliyev Mərkəzinin qarşısı, Koroğlu Rəhimov küçəsi, Bakı
metropoliteninin “Gənclik” stansiyasının yanı, Dədə Qorqud parkı, Vaqif
prospekti-Zorge parkı, Səməd Vurğun küçəsi, Bakıxanov küçəsi-İnşaatçılar
prospekti, Hüseyn Cavid prospekti, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi,
Nəriman Nərimanov heykəlinin yanı, Mərkəzi Park, Mirzağa Əliyev, Qış Parkı,
Heydər Əliyev Sarayı, Rəşid Behbudov küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Atatürk
prospekti, Fətəli xan Xoyski küçəsi-Gülarə Qədirbəyova küçəsi, Heydər Əliyev
Mərkəzinin qarşısı olub.
Paytaxt
sakinləri və qonaqların diqqətini cəlb edən yürüş Bakı küçələrində nostalji
hisslər yaradıb. Yürüşün sonunda klassik avtomobillərin sərgisi olub. Tədbirdə
klassik avtomobil sahibləri və avtomobil həvəskarları iştirak ediblər.
Yürüşdən
sonra müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib.
Bu günü daha yaddaqalan etmək üçün tədbir iştirakçılara və qonaqlara maraqlı əyləncə proqramı da təqdim olunub.