Göyçay rayonunda şəhid ailələrinin üzvləri və qazilər müayinələrə cəlb olunublar
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya Göyçay Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Mayın 21-də baş tutan müayinələrə Göyçay rayonu ilə yanaşı Ağdaş, Ucar və Zərdab rayonlarından qeyd edilən həssas kateqoriyaya aid vətəndaşlar da cəlb olunub.
Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında
çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və
digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən aparılan müayinələr 300-ə
yaxın şəxsi əhatə edib. Müayinələrin nəticələrinə
əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub
və zəruri dərman vasitələri ilə təmin ediliblər.
Layihə çərçivəsində, həmçinin xəstəlik aşkarlanan şəxslərin tam müayinələrdən keçmələri, müalicə və ehtiyac yarandıqda cərrahi əməliyyatlarının aparılmasına dəstək veriləcək. Sağlamlıq vəziyyəti ağır olan bir qrup şəxsin isə ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə gətirilməsi nəzərdə tutulur.