Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə qız övladlarının dəyərinin təşviqi və məsuliyyətli atalıq mövzusunda “Ailə Festivalı” keçirilib
Mayın 17-də Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramlarının komponenti olaraq BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə icra olunan “Qız övladının dəyərinin artırılmasına xüsusi diqqət yetirməklə ailədə bərabər qayğı modelinin təşviqi” kampaniyası çərçivəsində Bakı şəhərində yerləşən Gənclik parkının ərazisində Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailə festivalı” keçirilib.
BMT-nin
Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə
keçirilən festivalın əsas məqsədi oğlanlara üstünlük verilməsi fenomeninin
qarşısının alınması, qız övladının dəyərinin təbliği və ailədə bərabər qayğı
modelinin təbliğinə xüsusi diqqət yetirməklə gender stereotipləri ilə
mübarizəyə töhfə verməkdən ibarət olub.
Festivalın açılış hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,
BMT-nin Əhali Fondunun rəhbəri Fərid Babayev, Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin üzvü Viktor Boşkov, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini İndira
Hacıyeva, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Leyla Tağıyeva
çıxış ediblər.
Çıxışlar zamanı Azərbaycanda gender
siyasəti sahəsində görülən işlər, sözügedən kampaniyanın məqsədi və gözlənilən
müsbət nəticələr barədə ətraflı məlumat festival iştirakçılarının diqqətinə
çatdırılıb.
Festivalda regionlardan və Bakı şəhərindən iştirak edən ailələr
gender stereotiplərinin qırılmasına yönəlmiş müxtəlif səhnə, mahnı və rəqs
ifalarını izləyiblər. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri
tərəfindən təqdim edilən “Qız övladlarının dəyərli olduğu sağlam ailələr
naminə” şüarı ilə rəqs performansı atalar və övladlarının da iştirakı ilə daha
geniş miqyas alaraq festival iştirakçılarının marağına səbəb olub. Həmçinin
festivala gələn ailələrin iştirakı ilə qız övladının dəyərinin və ailədə
bərabər qayğı modelinin təbliğinə yönəlmiş müxtəlif hədiyyəli yarışlar
keçirilib.
Festivalda iştirak edən ailələr üçün məsuliyyətli valideynlik və bərabər qayğı modelini təşviq edən, maraqlı, əyləncəli fəaliyyətləri özündə birləşdirən zonalar təşkil edilib. Zonalar üzrə tərtib olunmuş fəaliyyətlər ailədə ataların övlada qayğı göstərilməsində, gündəlik məişət qayğılarının icra edilməsində həyat yoldaşları ilə birgə iştirakını təşviq etməklə yanaşı, uşaqların valideynləri ilə birgə səmərəli və əyləncəli vaxt keçirməsinə imkan yaradıb.