Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
Mayın 9-da Heydər Əliyev Mərkəzində müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfrans keçirilib.
Heydər
Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu və “Regional İnkişaf” İctimai
Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və gənclər
siyasəti” mövzusunda konfransda əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən
bəhs edən “Böyük ömrün anları” filmi nümayiş olunub.
Ölkəmizdə
fəaliyyət göstərən gənclər və könüllü təşkilatlarının nümayəndələrinin iştirak
etdikləri konfransda çıxış edən Azərbaycan Gənclər Fondunun İcraçı direktoru
Fərid Cəfərov belə anım tədbirlərinin Azərbaycanın bütün regionlarında, eləcə
də bir çox xarici ölkələrdə təşkil olunduğunu bildirib. O, Ulu Öndərin gənclər
siyasətinin formalaşdırılmasında misilsiz rolundan danışıb.
AMEA-nın
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə çıxışında
bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin keyfiyyətli təhsil
almasını çox istəyirdi. Vurğulanıb ki, Ümummilli Lider Azərbaycan gənclərini
təhsil almaq üçün o zamanın ən müasir və qabaqcıl universitetlərinə göndərirdi.
Sonra
çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru Fuad Məmmədov ulu öndər Heydər Əliyevin çox
vətənpərvər, uzaqgörən və müdrik şəxsiyyət olduğunu qeyd edib. O, Ümummilli
Liderin hər zaman çıxışlarında Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırıldığını
vurğulayıb.
Heydər
Əliyev Mərkəzinin şöbə müdiri Rəna Məmmədova isə Mərkəzin Heydər Əliyev irsinin
tədqiqi istiqamətində gördüyü işlər haqqında məlumat verib. Bildirib ki, böyük
bir ömrü və tarixi dövrü əhatə edən Heydər Əliyev irsi, onun dövlətçilik
ənənələri geniş elmi məqalələrinin əsaslarını təşkil edir.
“Regional
İnkişaf” İctimai Birliyinin şöbə müdiri Hüseyn Abdullayev çıxışında ümummilli
lider Heydər Əliyevin anaadan olmasının 99-cu ildönümünün hər bir azərbaycanlı
tərəfindən dərin ehtiramla qeyd edildiyini bildirib. Diqqətə çatdırılıb ki, Ulu
Öndər öz fəaliyyətində hər zaman gənclərin hərtərəfli inkişafına önəm verib.
Konfransda,
həmçinin bildirilib ki, Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə müstəqil
Azərbaycanda aparılan gənclər siyasəti hər bir gəncin vətənpərvərlik,
dövlətçilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə hörmət
ruhunda yetişməsi, cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal
iştirakının təmin edilməsi kimi vacib məsələləri özündə ehtiva edir.
Diqqətə
çatdırılıb ki, hazırda Ümummilli Liderin siyasi kursu müasir dövrün tələblərinə
uyğun olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
tərəfindən uğurla davam və inkişaf etdirilir. Gənclərə göstərilən diqqət və
qayğı nəticəsində bu gün ölkəmizdə bilikli, bacarıqlı, geniş dünyagörüşlü,
vətənpərvər, xalqına, dövlətinə bağlı gənclər yetişib. Azərbaycan Prezidenti
İlham Əliyevin qeyd etdiyi kimi, məhz həmin gənclər 44 günlük Vətən
müharibəsində böyük Zəfər qazanaraq, torpaqlarımızı düşmən işğalından azad
ediblər.
Çıxışlarda, eyni zamanda, ümummilli lider Heydər Əliyevin zəngin irsinin, dövlətçilik fəlsəfəsinin öyrənilməsi, tədqiqi və geniş təbliği və digər sahələrdə layihələrin həyata keçirilməsində təşəbbüskarlığın, bu istiqamətdə ölkəmizdə fəaliyyət göstərən gənclər və könüllü təşkilatlarının birgə səylərinin artırılmasının vacibliyi diqqətə çatdırılıb.