“III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransının yekununa həsr olunan konsert keçirilib
Aprelin 3-də Heydər Əliyev Mərkəzində “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransının yekuna həsr olunan konsert keçirilib.
Konsertdə autizmli gənclər və tanınmış incəsənət ustaları çıxış
edib.
İlk çıxışçı-autizmli gənc piano ifaçısı Əlisahib Bayramov səhnəyə
dəvət edilməzdən əvvəl onun konsertə necə hazırlaşdığını tamaşaçılara çatdırmaq
üçün videoçarx göstərilib. Bildirilib ki, Əlisahib Bayramova səhnə vərdişlərini
yiyələndirmək asan olmayıb. Bu məsələdə onun ailəsindən, çevrəsindən çox böyük
səbr, dözüm, iradə, anlayış, insansevərlik tələb olunub. Ən böyük dəstəyi o,
ailəsindən alıb. Qeyd olunub ki, anası, atası və qardaşı ona çox inanır. Amma
bu sahədə pianoçuya ikinci böyük dəstəyi onun müəllimi, beynəlxalq müsabiqələr
laureatı, qran-pri mükafatçısı Humay Mansurova göstərib.
Sonra Əlisahib Bayramov və Humay Mansurova pianoda Tofiq Quliyevin
“Sevgi” valsını ifa ediblər.
Gecədə Azərbaycanın fərqli balalarını öz himayəsində saxlayan
Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb. Bildirilib ki, Leyla Əliyeva
yazdığı şeirlərilə hər zaman insanların qəlbinə yol tapır. O, istedadlı
insanlara olan xüsusi münasibətilə seçilir. Buna görə də proqramda Leyla
Əliyevanın yaradıcılığını göz önünə gətirmək üçün səhnəyə qiraətçi Xəzər
Süleymanlı dəvət olunub. O, Eldar Mansurovun “Elegiya”sının sədaları altında
Leyla Əliyevanın şeirlərindən birini oxuyub.
Tədbirdə Əlisahib Bayramovun fərqli bir dünyada yaşadığı diqqətə
çatdırılıb. Bildirilib ki, onun ən çox sevdiyi əsərlərdən biri Müslüm
Maqomayevin “Dəniz” mahnısıdır. Məhz dalğaların xışıltısında Əlisahib qurduğu
dünyada rahatlıq tapır, öz arzularına qovuşur.
Proqramın davamında Şəhriyar İmanov tarda Azər Rzayevin “Düşüncə” əsərini,
Ceyla Seyidova skripkada Rolf Lövlandın “Secret Garden” kompozisiyasını ifa
edib. Ardınca Fərid Əliyev Müslüm Maqomayevin “Dəniz” mahnısını səsləndirib.
Gecədə Faiq Sücəddinov “Vətən balladası”nı, Fidan Hacıyeva “Azərbaycan”,
Tünzalə Ağayeva autizmli şəxslərdən bəhs edən “Fərqliyəm” mahnısını oxuyub.
İfalar zamanı səhnədə kompozisiyalara və mövzuya uyğun proyeksiya
olunan videogörüntülər gecəyə xüsusi bir ab-hava gətirib.
Qeyd edək ki, aprelin 2-3-də Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Regional İnkişaf” İctimai Birliyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda məqsəd autizm sindromunun erkən aşkarlaması, erkən müdaxilə üzrə xidmətlər, eləcə də autizmli şəxslərin ömür boyu təhsil və məşğulluğunun təmin olunmasında inklüziv və multidisiplinar yanaşmalara əsaslanan beynəlxalq təcrübələrin öyrənilməsi, ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək olub.