Şəhid ailələrinin üzvləri və qazilər üçün Quba rayonunda da tibbi aksiya təşkil olunub

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiyasiyasının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün regionlarda təşkil olunan növbəti tibbi aksiya “Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası”nda keçirilib. Yanvarın 29-da aparılan müayinələrə Quba və Xaçmaz rayonlardan, qeyd edilən həssas kateqoriyaya aid vətəndaşlar cəlb edilib.
Paytaxtın
müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq,
terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim
heyəti tərəfindən keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik
aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, həmçinin zəruri
dərman vasitələri ilə təmin olunublar. Digər patologiya aşkarlanan şəxslər
isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Xəstəlik
aşkarlanmış vətəndaşların növbəti mərhələdə tam müayinələrdən keçirilməsi,
müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin
ediləcək.
Tibbi aksiyanın təşkilinə RİİB könüllüləri tərəfindən yaxından dəstək verilib.