150 +994505000150

Azyaşlı uşaqlar üçün Qarabağ müharibəsinə həsr olunan yeni kitabın təqdimatı olub

13 yanvar 2022
Paylaş
Azyaşlı uşaqlar üçün Qarabağ müharibəsinə həsr olunan yeni kitabın təqdimatı olub

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün hazırlanan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilmiş “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, müəllim, şagird və könüllülər iştirak ediblər.

Əvvəlcə muzeyin foyesində qonaqlar və tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanan kompozisiya ilə tanış olub, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasını dinləyiblər.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev və digər çıxış edənlər bildiriblər ki, bu kitab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir. Kitabın uşaqlarımızın ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki işlərdə böyük əhəmiyyəti olacaq.

Sonda tədbir iştirakçıları və məktəblilər muzeyin yeni eksponatları ilə tanış olublar.

Mərasimdən sonra “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri paytaxt məktəblərində şagirdlərə kitabı təqdim ediblər, onlara Vətənimizin İkinci Qarabağ müharibəsindəki Zəfəri barədə məlumat veriblər.


FOTO