150 +994505000150

“Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması” layihəsi başa çatıb

29 dekabr 2021
Paylaş
“Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması” layihəsi başa çatıb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması” layihəsinin dekabrın 28-də yekun hesabat iclası keçirilib. İclasda “Regional İnkişaf” İctimai Birliyinin, müxtəlif təhsil, səhiyyə və sosial xidmət müəssisələrinin nümayəndələri və yerli icma üzvləri iştirak edib.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi tərəfindən iclas iştirakçılarına layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihəyə əsasən Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində Resurs Mərkəzinin fəaliyyəti təmin edilmiş, icma üzvlərinin ehtiyaclarının araşdırılması və qiymətləndirilməsi məqsədilə sorğular keçirilmiş, hədəf qrup müzakirələri aparılmış, icmada çalışan 200-dən çox sosial, təhsil və tibb işçisi potensiallarının artırılması məqsədilə təlimlərə cəlb olunmuş, eləcə də icma üzvləri səyyar təlimlər vasitəsilə beynəlxalq və yerli qanunvericilikdə nəzərdə tutulmuş hüquq və təminatları barədə məlumatlandırılmış, əhaliyə maarifləndirici materiallar paylanılmışdır.

Həmçinin, dayanıqlı icmanın formalaşdırılması, icma quruculuğuna dəstək, eləcə də resurslardan birgə və səmərəli istifadə edilməsində icma üzvləri arasında əməkdaşlığın təşviqi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçirilmişdir.

Daha sonra iclas iştirakçıları layihə komponentləri üzrə geniş müzakirələr aparmışlar.

Xatırladaq ki, cari ilin sentyabr ayından start verilən layihənin məqsədi Birinci Qarabağ müharibəsi səbəbindən doğma torpaqlarından didərgin salınmış soydaşlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş doğma yurdlarına qayıdışına dəstək olmaq üçün icma üzvlərinin hüquq və təminatları barədə məlumatlılığının artırılması, onların ehtiyaclarının qiymətləndirilməsi, eləcə də icmada çalışan sosial, təhsil və tibb işçilərinin bilik və bacarıqlarının artırılmasıdır.


FOTO