Şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya Cəlilabad rayonunda təşkil olunub

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi aksiya “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Könüllü Həkimlər Assosiyasiyası və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının birgə təşkilatçılığı ilə dekabrın 25-də Cəlilabad rayonunda təşkil olunub. Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya Cəlilabad və ətraf rayonlardan, ümumilikdə 300-dən çox vətəndaşımızı əhatə edib.
Aksiya çərçivəsində müayinələr paytaxtın müxtəlif
dövlət və özəl xəstəxanalarında çalışan onkoloq, kardioloq, radioloq,
terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə 45 nəfərdən
ibarət könüllü həkim heyəti tərəfindən aparılıb. Müayinələrin nəticəsindən
asılı olaraq müvafiq müalicə kursları təyin edilib, RİİB tərəfindən zəruri dərman
vasitələri təqdim olunub, eləcə də digər patologiya aşkarlanan şəxslərin
ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Aksiya
zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən
keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları həyata keçiriləcək.
Bu cür
sosial aksiyalarda hər zaman yaxından iştirak edən RİİB könüllüləri vətəndaşların
qeydiyyatı, növbələrin tənzimlənməsi və digər təşkilati işlərə dəstək veriblər.
Qeyd
edək ki, tibbi aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə
tutulur.