Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya təşkil olunub
Azərbaycan 44 günlük Vətən müharibəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində şanlı qələbə qazanaraq çoxəsrlik tariximizin ən parlaq səhifəsini yazdı. Bu parlaq Zəfəri bizə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri bəxş etdilər. Onlar qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi ilə əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək, xalqımıza əvəzolunmaz qürur və sevinc hissi yaşatdılar.
Vətən yolunda canlarından keçərək Şəhidlik zirvəsinə
ucalan igid oğullarımızın əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, dərin
hörmət, ehtiram və minnətdarlıq hissi ilə xatırlanacaqlar.
Torpaqlarımızın azadlığı uğrunda əbədiyyətə qovuşan
qəhrəman oğullarımızın ailə üzvləri və yaralı qazilərimiz daim dövlət qayğısı
ilə əhatə olunub. “Regional İnkişaf”
İctimai Birliyinin (RİİB) Azərbaycan Könüllü Həkimlər Assosiyasiyası və Azərbaycan
Tibb Universitetinin Onkoloji Klinikası ilə birgə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında
dekabrın 11-də təşkil etdiyi tibbi aksiya da bu həssas kateqoriyadan olan
soydaşlarımız üçün dövlətin həyata keçirdiyi tədbirlərə dəstək xarakteri
daşıyır.
Aksiya çərçivəsində Bakı şəhərində müxtəlif dövlət
və özəl xəstəxanalarda çalışan onkoloq, kardioloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər
ixtisaslar üzrə 32 nəfərdən ibarət könüllü həkim heyəti tərəfindən
ümumilikdə 300 nəfərdən çox şəhid və qazi ailələrinin üzvləri müayinə olunmuş, müvafiq
müalicə kursları təyin edilmiş, zəruri dərman vasitələri ilə təmin olunmuş, eləcə
də digər patologiya aşkar olunan xəstələr ixtisaslaşmış
tibb müəssisələrinə yönləndirilmişdir.
Aparılan müayinələr zamanı xəstəlik
aşkarlanmış vətəndaşların sonradan ixtisaslaşmış tibb müəssisələrində tam
müayinələrdən keçirilməsi, müalicəsi və zərurət yarandıqda cərrahiyə əməliyyatları
həyata keçiriləcək.
RİİB könüllüləri vətəndaşların
qeydiyyatı, növbələrin tənzimlənməsi və digər təşkilati işlərə dəstək veriblər.
Bu cür aksiyaların digər regionlarda da təşkili nəzərdə tutulur.