RİİB Ağdam rayonunda maarifləndirici təlimlərə başlayıb
BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Ağdam rayonunda məcburi köçkün icması üçün resurs mərkəzinin yaradılması” layihəsi çərçivəsində Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində yaşayan sakinlər üçün əmlak, mülkiyyət, təhsil, sağlamlıq, sosial təminat, məşğulluq, gender bərabərliyi və digər mövzularda maarifləndirmə üzrə təlimlərə start verilib. Təlimlər ümumilikdə 500-dən çox şəxsi əhatə edəcək.
26-29 oktyabr tarixlərində keçirilən ilk təlimlərdə sakinlərə beynəlxalq və yerli qanunvericilikdə təsbit olunmuş hüquqları, azadlıqları və təminatları barədə geniş məlumat verilib.
Qeyd edək ki, layihə çərçivəsində, həmçinin I Qarabağ müharibəsi səbəbindən yerlərini məcburi tərk etmiş soydaşlarımızın Vətən müharibəsindən sonra doğma yurdlarına qayıdışı ilə bağlı ehtiyacların müəyyən edilməsi və qiymətləndirilməsi məqsədilə sorğu keçirilir. RİİB könüllüləri tərəfindən aparılan sorğuya 1600-dən çox qəsəbə sakini cəlb olunacaq.