Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzi fəaliyyətə başlayıb
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəstəyi ilə həyata keçirilən “Ağdam rayonunda məcburi köçkün icması üçün Resurs Mərkəzinin yaradılması” layihəsi çərçivəsində Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində yaradılmış mərkəz fəaliyyətə başlayıb. Mərkəzin açılışında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin, “Regional İnkişaf” İctimai Birliyinin və yerli icra orqanlarının nümayəndələri iştirak edib.
Mərasimdə
çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi
Guido Ambroso ölkəmizdə həyata keçirdiyi müxtəlif sosial layihələrdən və
proqramlardan bəhs edərək, sözügedən layihənin icma üzvlərinin işğaldan azad
olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli qayıdışının davamlı həllində mühüm
rol oynayacağını bildirib.
“Regional
İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, layihə rəhbəri
Leyla Tağıyeva çıxışında yaradılan Resurs Mərkəzinin I Qarabağ müharibəsi zamanı
yaşayış yerlərini məcburi tərk edərək Ağdamda məskunlaşmış soydaşlarımızın Vətən
müharibəsindən sonra doğma yurdlarına qayıdışında dayanıqlı icmanın
formalaşdırılması, icma üzvlərinin gələcəkdə qarşılaşacaqları müxtəlif sosial,
hüquqi, əmlak, qeydiyyat, məşğulluq, gender bərabərliyi, şiddət, damğalanma,
sağlamlıq, təhsil və digər məsələlərdə onlara dəstək olacağını, bu istiqamətlərdə
xidmətlər göstərəcəyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, cari ilin sonunadək davam edəcək layihə çərçivəsində keçiriləcək sorğuların və digər fəaliyyətlərin nəticələrindən asılı olaraq layihənin növbəti mərhələsi barədə qərar qəbul olunacaq.