RİİB-in əməkdaşları və könüllüləri üçün "Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı" keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı, "Regional İnkişaf" İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən "Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı" başa çatıb.
RİİB-in könüllülərlə iş sahəsində
çalışan əməkdaşlarının və kurator könüllülərinin sözügedən sahədə bilik və
bacarıqlarının möhkəmləndirilməsi, peşəkarlıqlarının artırılması, eləcə də
müvafiq sertifikasiyadan keçirilməsi məqsədilə keçirilən proqram çərçivəsində
34 əməkdaş və 4 təlimçinin iştirakı ilə müxtəlif istiqamətli təlim sessiyaları
təşkil edilib.
Proqramın sonuncu günündə
iştirakçıların əldə etdikləri biliklərin yoxlanılması və sertifikasiyanın həyata
keçirilməsi məqsədilə imtahan prosesi baş tutub. Yekun nəticələrə uyğun olaraq iştirakçılar
könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiq edən dərəcə və
iştirak sertifikatları ilə təltif olunublar.
Bağlanış mərasimində Azərbaycan
Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan
Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və "Regional
İnkişaf" İctimai Birliyinin Bakı regional bölməsinin rəhbəri Elvin Aslanov
çıxış edərək ölkəmizdə sürətlə inkişaf etməkdə olan könüllülük hərəkatının
fonunda, könüllülərlə iş sahəsində çalışan əməkdaşların da fərdi və peşəkar
inkişafı istiqamətində mütəmadi layihələrin həyata keçirilməsinin vacibliyini
vurğulayıb, bu proqramın olduqca uğurlu təşəbbüs olduğunu qeyd ediblər.
Xatırladaq ki, "Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı" ilk dəfə cari ilin 30 iyul – 1 avqust tarixlərində AKTİ-yə üzv olan könüllü təşkilatlarının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin könüllülər üzrə məsul şəxslərinin iştirakı ilə keçirilmişdir. Proqramın növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.