“Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan konfransın əsas tərəfdaşları Azərbaycan Dövlət Turizm Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzidir.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda çıxış edən kənd
təsərrüfatı naziri İnam Kərimov post-COVID dövrünün pandemiyadan əvvəlki
dövrdən təkcə sosial davranışların dəyişməsi ilə deyil, texnologiyaların
həyatımızda əvvəlkindən daha çox rol oynaması ilə fərqlənəcəyini bildirib. Qeyd
edib ki, bu səbəbdən bütün sahələr post-COVID dövrünə hazır olmalı, öz
fəaliyyətlərini yeni şəraitə uyğun dizayn etməlidir. Təhsil hər zaman
bəşəriyyəti irəli aparan, inkişafı təmin edən lokomotiv rolunu oynayıb. Bu
səbəbdən post-COVID dövründə 4-cü sənaye inqilabı perspektivindən təhsilin necə
olması məsələsi böyük aktuallıq kəsb edir. Azərbaycanda aqrar təhsilin inkişaf
etdirilməsi hər zaman prioritet sayılır. Aqrar kadr bazasının formalaşdırılması
və mövcud insan kapitalının daha da təkmilləşdirilməsi əsas fəaliyyət
istiqamətlərindən biridir.
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış
edərək deyib ki, 4-cü sənaye inqilabının mahiyyətində rəqəmsal transformasiya dayanır:
“Rəqəmsal transformasiya bütövlükdə davranış qaydalarının, oyun qaydalarının
dəyişməsi, yeni strategiya deməkdir. Rəqəmsal transformasiya insanlarda öz
məqsədlərinə çatmaq üçün tamamilə yeni formaların, vərdişlərin formalaşması
demədir. “İnsanlar buna hazırdırmı” sualına cavab versək görərik ki, bu
məsələdə ciddi bir konservativlik var. Dünyada rəqəmsal transformasiyada ən
ciddi konservatizmin olduğu sahə təhsil sahəsidir. Bu səbəbdən təhsilin 4-cü
sənaye inqilabı perspektivindən dizaynı vacibdir”.
Nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, konfransda müzakirə
olunan mövzu hər kəsi düşündürür: “Yeniliklərə açıq olmaq vacibdir. Dünyada
buna yeni bilikləri öyrənmək deyirlər. Biz artıq universitetdən çıxdıqda bizim
universitetdə aldığımız biliklər köhnəlmiş olur. Universitetin bu gün bizə
verəcəyi ən böyük bilik, bacarıq, qabiliyyət yəqin ki, öyrənmək olacaq. Bizim
yeni situasiyalara nə dərəcədə sürətlə adaptasiya olmağımız vacibdir. Çünki
rəqəmsal transformasiya dövründə bir gənc öz iş yerini, öz bilik və bacarığını
bir neçə dəfə dəyişmiş olacaq”.
Əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Azərbaycan öz sosial dövlət
konsepsiyasını elan edib: “COVID dövründə Azərbaycanda distant işə, virtual işə,
frilans işə ehtiyac artdı. Post-COVID dövrü isə insanların artıq öyrəşdiyi bu
davranışların davamı ilə gələcək. 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya
yeni peşələrə ehtiyacı artırdı. Araşdırmalara əsasən, yaxın 10 ildə dünyada
mövcud olan peşələrin təxminən 15 faizinə tələbat kəskin aşağı düşəcək və yeni
yaranmış peşələrə ciddi ehtiyac yaranacaq. Bu peşə ehtiyaclarını və bu qəbildən
olan digər məsələləri nəzərə almaq hər bir dövlətin qarşısında duran əsas
çağırışlardan biridir. Bizim çox ciddi şəkildə rəqəmsal transformasiyanı həyata
keçirə biləcək mütəxəssislərə ehtiyacımız var”.
Dövlət Turizm
Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, istənilən sahədə təhsil
hər zaman xüsusi önəmə sahib olub: “Təhsil imkanlarının genişləndirilməsi və müasir
çağırışlara cavab verməsi cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayır.
İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sahəsində də ixtisaslı
kadrlara ciddi ehtiyac var. Ölkə rəhbərliyi hər zaman təhsilin inkişafına
xüsusi diqqət yetirib. İstər müəllimlərin, istər tələbələrin, istərsə də bütün
təhsil alanların sürətlə dəyişən dünyamıza uyğun bilik və bacarıqlarla təmin
olunması əsas məqsədimiz olmalıdır”.
Təhsil nazirinin
müavini İdris İsayev müzakirə olunan mövzunun çox aktual olduğunu deyib:
“Pandemiya dövründə onlayn tədrisin aparılması həm təhsil verənlər, həm də
təhsil alanların rəqəmsal bacarıqlarının artmasına səbəb oldu. Bu,
postpandemiya dövründə də mövcud yanaşmanın davam etməsinə bir stimul olub.
Pandemiya dövründə müşahidə olunan müsbət tendensiyalar postpandemiya dövründə
də davam edəcək. Bu auditoriyada rəqəmsal bacarıqlarını fərqli şəkildə və
məkanlarda əldə etmiş, fərqli tətbiqləri bacaran insanlar var. Bu bacarıqların
əldə olunması, yenidən inkişaf etdirilməsi, onların ömür boyu öyrənmə
zəncirinin tərkib hissəsinə çevrilməsi, eləcə də rəqəmsal iqtisadiyyatın
tələbləri ilə uzlaşdırılması vacib məsələlərdən biridir”.
İsrailin
Azərbaycandakı səfiri Corc Dik konfransın mövzusunun günün çağırışlarına uyğun
gəldiyini deyib. O bildirib ki, bilik və bacarıqların texnologiyaların
imkanları ilə uzlaşdırılması rəqabət mühitində əlavə üstünlük qazandırır.
Rəqəmsal transformasiya dövründə təhsilin yenidən dizaynı bu səbəbdən vacibdir.
İsrail dövlətinin Azərbaycana təhsil sahəsində əməkdaşlığa böyük maraq
göstərdiyini deyən səfir vurğulayıb ki, iki ölkənin ali təhsil müəssisələri
arasında tələbə və müəllim mübadiləsi yeni çağırışlara uyğun kadrların
hazırlanmasına müsbət təsir göstərəcək.
Daha sonra
konfrans işini panel sessiyalarda davam etdirib. Panel sessiyalarda dünyanın
20-dən çox ölkəsindən beynəlxalq ekspertlər onlayn formatda çıxış ediblər.
İştirakçılar rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və
texnologiyalara, əmək bazarına təsiri, “Sənaye 4.0 və yeni təhsil
texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”,
“İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”, “Rəqəmsal dövr:
İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə yeni peşələr” kimi
mövzularda müzakirələr aparıblar. Beynəlxalq spikerlər “Əmək bazarının yeni
rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”, “4-cü sənaye inqilabı
dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal
siniflər”, “4-cü sənaye inqilabı və “Əşyaların İnterneti” (IoT) üçün yeni bir
təhsil yolu”, “Onlayn tədrisin keyfiyyətinin artırılması”, “Ölkələrarası
əməkdaşlıq 4-cü sənaye inqilabı üzrə təşəbbüsü dəstəkləyir” və digər mövzularda
təqdimatla çıxış ediblər.
Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü sənaye inqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.