“Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda yaşlılar festivalı keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində sentyabrın 12-də Şamaxıda ikinci yaşlılar festivalı keçirilib.
Festivalda Şamaxı
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı
şəhər Ağsaqqallar Şurasının sədri, “Regional İnkişaf” İctimai Birliyi,
"Kapital Bank" və “Üçüncü Bahar” İctimai Birliyinin nümayəndələri, digər
qonaqlar iştirak ediblər.
Tədbir
zamanı Şamaxı şəhərində fəaliyyət göstərən “YAŞA” mərkəzinin üzvlərinin qurama,
rəsm, toxuma, dekorativ güllər, oyuncaqlar, vitraj, taxta üzərində oyma və s. üzrə
əl işlərinin sərgisi təşkil olunub, həmçinin festivala qatılan qonaqların
iştirakı ilə masaüstü oyunlar, ustad dərsləri keçirilib.
Tədbirin
bədii hissəsində “Bahar ahəngi” yaşlılardan ibarət xor kollektivinin və yaşlı
nəsil nümayəndələrinin musiqi ifaları dinlənilib, poeziya səhnəciyi nümayiş
olunub. Tədbir “Bir yaşlının hekayəsi” monoloqu ilə başa çatıb.
Xatırladaq
ki, “Sosial layihələr” müsabiqəsi çərçivəsində ilk yaşlılar festivalı Bakı
şəhərində keçirilmişdi.
Qeyd edək ki, “YAŞA” mərkəzin əsas məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002 ve 0557042018 nömrələrinə müraciət etmək olar.