Regionlarda vətəndaşların tibbi müayinəsinə və COVID-19 pandemiyasına qarşı peyvəndlənməsinə dəstək layihəsi həyata keçirilir
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə regionlarda xüsusi risk qrupundan olan vətəndaşların tibbi müayinəsi və COVID-19 pandemiyasına qarşı peyvəndlənməsinə dəstək məqsədilə layihəyə start verilib.
Layihə çərçivəsində ilkin mərhələdə
25-30 iyun tarixlərində Gəncə şəhərində Bakıdan ezam olunan həkim heyəti tərəfindən
400-dən çox vətəndaş tibbi müayinələrə cəlb olunub, riskli əhali qrupları COVID-19
pandemiyasının riskləri, peyvəndlənmənin əhəmiyyəti barədə məlumatlandırılıb, səhhətində
əks göstərişi olmayan şəxslərə COVID-19 pandemiyasına qarşı peyvənd vurulub.
Peyvəndlənmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə
2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun həyata keçirilib.
RİİB könüllüləri əhalinin
maarifləndirilməsi, vətəndaşların qeydiyyatının aparılması, növbələrin tənzimlənməsi
və digər təşkilati işlərə yaxından dəstək veriblər.
Layihənin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulur.