Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələrə start verilib. Məqsəd uşaqlarda onkoloji xəstəlik əlamətlərini erkən yaşlardan aşkarlamaq və vaxtında müvafiq müalicə tədbirləri həyata keçirməkdir.
7-12 iyun
tarixlərində Ağdam, Bərdə və Tərtər rayonlarında start verilən müayinələr zamanı Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti
tərəfindən müxtəlif yaş
qrupundan olan, ümumilikdə 1200-dən uşaq ödənişsiz tibbi müayinələrə cəlb
edilib. Aparılan müayinələr zamanı, həmçinin digər patologiya aşkar olunan xəstələrin
ixtisaslaşmış tibb müəssislərinə müraciət etməsi tövsiyə edilib, yerində məsləhətlər
verilib.
RİİB-in könüllüləri
uşaqların müayinələrə cəlb edilməsi, mövcud karantin rejiminin tələblərinə
uyğun növbələrin tənzimlənməsi və əhalinin tibbi maarifləndirilməsi
tədbirlərinə dəstək veriblər.
Səyyar
müayinələrin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxt və regionlarda mütəmadi olaraq ödənişsiz tibbi müayinə və müalicələr aparılır, əhalinin dərman vasitələri ilə təmin edilməsi və tibbi maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, eləcə də elmi-praktiki konfranslar, simpoziumlar təşkil edilir.