Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi və KİV nümayəndələri inklüziv təhsil layihəsinin icrasının nəticələri barədə məlumatlandırılıb
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və KİV nümayəndələrinin Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında icra olunan layihələrlə tanışlıq səfəri zamanı Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində görülmüş işlər və əldə olunan müsbət nəticələr barədə ərtaflı məlumat verilib.
RİİB nümayəndələrinin, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və orta
məktəb müəllimlərinin də iştirak etdiyi görüşdə qonaqlara bildirilib ki,
layihənin uğurla icrası nəticəsində ADPU və onun
filiallarında 6 inklüziv Resurs Mərkəzi yaradılmış, 1000 ibtidai sinif müəllimi, 250 məktəb
direktoru, 450-dən çox müəllim-professor heyəti, 2000-dən çox tələbə, 600-dən
çox valideyn inklüziv təhsil üzrə təlimlərə cəlb edilmiş, inklüziv təhsilə dair çoxfunksiyalı portal
yaradılaraq ictimaiyyətin istifadəsinə verilmiş, qabaqcıl təcrübəyə uyğun
hazırlanmış təlim proqramları ilkin pedaqoji hazırlıq və ixtisasartırma
təhsilinin kurikulumuna daxil edilmiş, qanunvericilik bazasının
təkmilləşdirilməsinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim
edilmişdir.
Görüşdə, həmçinin layihə çərçivəsində keçirilmiş müsabiqə qaliblərindən olan Şamaxı şəhər M.Hadi adına 9 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Hicran Soltanovanın layihənin inklüziv cəmiyyətin formalaşdırılması, müəllimlərin bu sahədə biliklərinin artırılmasında əhəmiyyəti barədə təəssüratları dinlənilib.