150 +994505000150

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə növbəti ekoloji aksiya keçirib

5 iyun 2021
Paylaş
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə növbəti ekoloji aksiya keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə sayğı, gələcəyə qayğı” devizi altında ekoloji aksiya keçirilib.

Cəmiyyətin əməkdaşları, RİİB könüllüləri, tərəfdaş şirkətlərin nümayəndələri və məktəblilərin iştirak etdiyi aksiyada Daşkəsən şəhərinin parklarındakı ağaclara quş yuvaları və yem qabları asılıb, eləcə də Daşkəsən Dəmir Filiz Sahəsi və şəhərin yaşıllıq zolaqlarında şam ağacları əkilib və suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

Qeyd edək ki, quş yuvaları, peşə təhsili müəssisələri ilə əməkdaşlıq layihəsi çərçivəsində “AzerGold” QSC-nin sifarişi əsasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən hazırlanıb.   

Əsas məqsədi ətraf mühitin qorunması, zərərverici həşəratlarla mübarizədə mühüm rol oynayan quş növlərinin sayının artırılması olan aksiya eyni zamanda yeniyetmə  və gənclərə ətraf mühitə sevgi və qayğı hisslərinin aşılanmasına dəstək xarekteri daşıyıb.

Qeyd edək ki, Cəmiyyət tərəfindən ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir. Belə tədbirlərin icrası nəticəsində “Çovdar” mədəninin 15 hektardan çox ərazisində 10 000-dən artıq ağac və kol bitkiləri əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədilə mədən ərazisində gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox fidan yetişdirilir.


FOTO