1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim - mənim hüquqlarım” adlı dəyirmi masa keçirilib
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim- mənim hüquqlarım” adlı dəyirmi masa keçirilib.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyinin
(RİİB) birgə əməkdaşlığı çərçivəsində cari ilin noyabr ayında reallaşdırılması
planlaşdırılan Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun işinə start
vermək məqsədilə keçirilib.
Dəyirmi masada Uşaq Səfirlər Məclisinin üzvləri iştirak edib, o
cümlədən respublikanın 76 rayonunu təmsil edən, il ərzində fəallığı ilə
seçilən, dövlət uşaq müəssisələrində yaşayan, habelə qeyri-millətlərdən olan
uşaqlar karantin rejiminin qaydalarına uyğun olaraq onlayn şəkildə qoşulublar.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun münasibətilə iştirakçıları təbrik edərək bütün uşaqlara təhlükəsiz həyat və xoş gələcək arzulayıb. Artıq neçə ildir ki, bütün dünyanın bu günü uşaqların hüquqlarının müdafiəsi günü kimi qeyd etdiyini deyən Komitə sədri bu günün nailiyyətləri üzərindən gələcəyi qurmalı olan uşaqların hüquqları, hüquqlarının əlçatanlığı və onların effektiv qorunması mexanizmlərinin təmin olunmasının həm beynəlxalq, həm də milli səviyyədə üzərimizə götürdüyümüz əsas vəzifə və hədəflərdən biri olduğunu diqqətə çatdırıb.