150 +994505000150

“Azərxalça” ASC və RİİB-in birgə təşkilatçılığı ilə “Xalçaçı günü”nə həsr edilmiş tədbir keçirilib

6 may 2021
Paylaş
“Azərxalça” ASC və RİİB-in birgə təşkilatçılığı ilə “Xalçaçı günü”nə həsr edilmiş tədbir keçirilib

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Xalça sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qəbul edilən qanunvericilik aktları, həyata keçirilən dövlət proqramları, regionlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeylərinin inşası, xalçaçılıq mərkəzlərinin yaradılması dövlətin bu sənətə olan dəstəyinin, xalçaçılığın tarixi-mədəni və sosial-iqtisadi amil kimi yüksək qiymətləndirilməsinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə hər il 5 may tarixinin xalçaçıların peşə bayramı kimi qeyd olunması da bu sahəyə verilən önəmin növbəti əyani nümunəsidir.

Bu münasibətlə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə mayın 5-də “Azərxalça” ASC-nin respublika üzrə 21 filialında  “Azərxalçaya səyahət” adlı layihə həyata keçirilib. 

Layihə çərçivəsində Horadiz şəhərində keçirilən “Açıq qapı” günündə Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev çıxış edərək xalçaçıları peşə bayramları münasibətilə təbrik etmiş, gəncləri Azərbaycanın maddi və mənəvi sərvəti sayılan xalçalarımızı yaxından tanımağa, bu sənət növünün yaşadılaraq gələcək nəsillərə ötürülməsində, həmçinin beynəlxalq səviyyədə təbliğində fəallıq göstərməyə çağırmışlar.

Karantin rejiminin tələblərinə uyğun təşkil edilən tədbirdə iştirakçılar kiçik qruplara ayrılaraq, xalçanın ərsəyə gəlmə prosesini yaxından izləmək imkanı əldə etmiş, eləcə də onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır. Tədbir zamanı iştirakçılar üçün master-klasslar da təşkil edilib.

“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri müxtəlif regionlarda keçirilən “Açıq qapı” gününün təşkilində yaxından iştirak ediblər. 

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan xalçaçılıq sənətini təbliğ etmək, gənclərdə bu sahəyə maraq yaratmaqdır.


FOTO