II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib.
Konfransın məqsədi yerli tibb və uşaq inkişaf mütəxəssislərini, valideynləri autizm sindromlu şəxslərdə müxtəlifyönlü bacarıqların davamlı inkişafını təmin edən, onlara effektiv təhsil modeli təklif edən Tətbiqi Davranış Analizi (“ABA”) terapevtik yanaşması ilə yaxından tanış etmək, eləcə də, ictimaiyyətin və aidiyyəti qurumların diqqətini autizm spektr pozuntuları olan insanların və ailələrin ehtiyaclarına yönəltməkdir.
Onlayn formatda keçirilən konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxış edərək autizmli uşaqların erkən diaqnostikası, reabilitasiyası, onlarla psixoloji işin aparılması, autizmli uşaqların məktəbəqədər və məktəb yaşlarında ümumi təhsilə cəlb edilməsi, sosiallaşma bacarıqlarının və intellektual səviyyəsinin artırılması, aidiyyəti qurumların qarşısında duran vəzifələr, eləcə də autizmli uşaqlarda müxtəlifyönlü bacarıqların inkişafını təmin edən Tətbiqi Davranış Analizi (“ABA”) metodunun əhəmiyyəti barədə danışıblar.
Konfransda müxtəlif ölkələrdən olan tanınmış mütəxəssislər, ekspertlər, bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Tədbirin fəxri qonağı olan autizm spektr pozuntulu professor Temple Grandin ailələri və cəmiyyət tərəfindən göstərilən diqqətin autizmli şəxslərin gələcəyi və inkişafı baxımından vacibliyinə diqqəti çəkib.
Qeyd edək ki, konfrans İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Sosial Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, “BP" və tərəfdaşları, “Paşa Holding”, “Medoks”, “Azərbaycan Coca-Cola Bottlers LTD”, “NUTRIMED” MMC, “Royal Foods” MMC, “ANES” MMC, “Caravelle Jewellery”, “HİPP”, “Friso Gold” şirkətləri, “Ümid var” Xeyriyyə Cəmiyyəti, Türkiyənin “ABA klinik” Uşaq İnkişaf Mərkəzi, həmçinin “BBA” təşkilatının dəstəyi ilə həyata keçirilib.