150 +994505000150

“Doğma jest dili” layihəsi çərçivəsində veb-sayt hazırlanacaq

5 mart 2021
Paylaş
“Doğma jest dili” layihəsi çərçivəsində  veb-sayt hazırlanacaq

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq.

İlkin olaraq məlumatların elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə layihə çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri və “Karlara Dəstək” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradılıb və lüğətin tərkibi müəyyən edilib. Belə ki, təsdiq edilən 3000-ə yaxın sözün jest dilində tərcüməsini təsvir edən videolar jestlərin göstərilməsi ilə bağlı izahedici mətnlərlə birlikdə veb-saytda yerləşdiriləcək. Bununla yanaşı, saytın mobil versiyası da hazırlanacaq. Hazırlanan lüğətin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, eyni zamanda onlarla  işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzolunmaz vəsait olacaq.

Xatırladaq ki, "Karlara Dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən  “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.