Tovuz və Ağstafada uşaqların onkoloji müayinələri aparılıb
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük mübarizənin kiçik qəhrəmanları” adlı sosial layihə çərçivəsində Tovuz və Ağstafa rayonlarında uşaqların onkoloji müayinələri keçirilib.
Milli Onkologiya Mərkəzinin səyyar həkim
heyəti tərəfindən şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək
vaxtında müalicəsini aparmaq məqsədilə həyata keçirilən aksiya 1200-dən çox
uşağı əhatə edib. Onlar qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, döş
qəfəsinin rentgenoskopiyası və digər müayinələrdən keçirilib.
Tovuz və Ağstafa Rayon Mərkəzi
Xəstəxanalarında aparılan müayinələr zamanı bir sıra uşaqlarda şişönü və şiş
xəstəlikləri aşkar olunub, bu xəstəlik riski olanlar tam müayinələrdən keçmək
və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya
aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də
yerində məsləhətlər verilib.
Tibbi müayinələrin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.