“Xocalı soyqırımını unutmayaq” müsabiqəsininin qalibləri müəyyən edilib
“Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclər üçün həyata keçirilən “Xocalı soyqırımını unutmayaq” adlı layihə müsabiqəsinin qalibləri müəyyən edilib.
Müsabiqəyə “GəncApp” mobil tətbiqi
üzərindən təqdim edilən 100-dən çox layihə arasından münsiflər heyətinin qiymətləndirməsi
əsasında 10 ən yaxşı layihə seçilib. Təqdirəlayiq haldır ki, müsabiqəyə xaricdə
yaşayan vətənpərvər gənclər də fəal qoşulublar.
Seçim zamanı mövcud karantin
rejiminin tələblərinə uyğun olaraq sosial platformalar üzərindən Xocalı
soyqırımı həqiqətlərini geniş auditoriyaya çatdıracaq layihələrə üstünlük
verilib. Qalib layihələrin hər biri 1000 manat məbləğındə
maliyyələşdirilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniyanın fəaliyyəti nəticəsində dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələr qəbul edilib.