Masallıda xalçaçılıq sənəti üzrə təlim təşkil edilib
Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan xalçaçılıq sənəti” mövzusunda təlim keçirilib.
Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan xalçaçılıq sənəti” mövzusunda təlim keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müəllimləri Tamilla Abdullayeva və Səltənət Rzayevanın apardığı təlimdə Masallı rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin üzvləri, bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.
Təlim iştirakçılarına Azərbaycanda xalçaçılıq sənətinin tarixi, inkişaf mərhələləri, xalça məktəbləri, növləri, ornamentləri və toxuma üsulları, bu sahənin inkişafında böyük rol oynamış görkəmli rəssamlar Lətif Kərimov və Kamil Əliyevin yaradıcılığı barədə məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanda Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz, Naxçıvan, İrəvan xalça məktəbləri mövcuddur və onların hər biri özünəməxsus ornamental, rəng həllinə malikdir.
Mühazirəçilər bildiriblər ki, Azərbaycanın mahir ustalarının bu vaxta kimi yaratdığı gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanır. Azərbaycan xalçaları onu yaradan xalqın yalnız yüksək bədii zövqə malik olmaq nümünəsi deyil, eyni zamanda onun mənəvi varlığının daşıyıcı kodudur.
Tədbirdə Azərbaycan xalça sənətinin 2010-cu ildən UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edildiyi vurğulanıb.
Təlimin praktiki hissəsində iştirakçılara xalçaların toxunduğu dəzgah və onun iş texnikası, toxuma üsulları - sadə və mürəkkəb keçirmə, dolama, düyün bağlama əyani şəkildə təqdim olunub. Xalçaçılıq sənətinə həvəsi olan məktəblilər toxuculuq dəzgahında öz bacarıqlarını nümayiş etdiriblər.
Bununla yanaşı, həmçinin iştirakçılara Azərbaycan xalça sənətinin ornamentlərinin izahı, naxış və elementlərin çəkilməsi üzrə tövsiyyələr verilib. İştirakçılar təlim zamanı çəkdikləri nümunələrlə bu sahədə qabiliyyətlərini göstəriblər.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzi və RİİB bölgə gənclərinin bilik və bacarıqlarının artırılması, istedadlı şəxslərə dəstək göstərilməsi məqsədi ilə Masallıda fəaliyyət göstərən Heydər Əliyev İncəsənət Məktəbində mütəmadi olaraq müxtəlif mövzularda təlimlər təşkil edir.