Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində hər iki qurumun birgə təşkilatçılığı ilə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlərin davamı olaraq Bakı şəhərinin Ramana qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyanın
məqsədi vətəndaşlar tərəfindən məhv edilmiş və qurudulmuş yaşıllıq zolaqlarının
bərpasıdır.
Mövcud
karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra
qurumlarının əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən
ərazi daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənmiş,
əkin üçün hazır vəziyytə gətirilmiş, suvarma sistemi quraşdırılmış və 500-dən
çox şam ağacı əkilmişdir. Həmçinin, İcra Hakimiyyəti tərəfindən yeni əkilən
ağaclara qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyən olunmuşdur.
Bu
kimi aksiyaların mövsümün sonunadək paytaxtın digər ərazilərində də keçirilməsi
nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi vətəndaşları ətraf mühiti qorumağa, təbiətə qayğı ilə yanaşmağa və onun müdafiəçisi olmağa çağırır.