Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlığa dair memoranduma əsasən Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.
İlk növbədə ağacların əkilməsi
üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək
ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilərək, əkin
üçün hazır vəziyyətə gətirilib, paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş
600 ədəd müxtəlif növ ağac əkilib.
Qeyd edək ki, mövsümün sonuna
qədər həmin ərazidə 3000 ədəd yeni ağacın əkilməsi və bu kimi aksiyaların
paytaxtın digər ərazilərində də davam etdirilməsi nəzərdə tutulur.
Son illər ərzində ölkədə yaşıllaşdırılma
və ətraf mühitin mühafizəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir,
abadlaşdırma işləri aparılır ki, bu aksiya da paytaxtda yaşıllıq zolaqlarının
salınması və ekoloji tarazlığın bərpası istiqamətində görülən işlərin
davamıdır.
Bundan sonra da Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında mövcud əməkdaşlıq çərçivəsində birgə tədbirlərin icrası davam etdiriləcək.