"Könüllülər ili"nin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Könüllülər ili"nin yekunlarına həsr olunmuş, Diaspor Könüllüləri və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) könüllülərinin iştirakı ilə "Vətən üçün özümüz bir, könlümüz bir" adlı videokonfrans keçirilib.
Tədbirdə ilk olaraq Vətən müharibəsində həlak olmuş
şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin
moderator olduğu videokonfrans RİİB könüllülərinin ifasında hazırlanmış Dövlət
Himni ilə bağlı kompozisiyanın nümayişi ilə başlanıb.
Videokonfrans iştirakçılarını salamlayan Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hər bir könüllünü ölkəmizin parlaq
Qələbəsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə
təbrik edib. 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-ci il tarixli Sərəncamını
xatırladan komitə sədri bildirib ki, bu
fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən bütün zəruri addımlar
atılıb. Nəticədə könüllülər bir çox fəaliyyət sahələrində, o cümlədən diaspor hərəkatında
onlara bəslənən ümidləri doğruldublar.
Diaspor və RİİB könüllülərinin, eləcə də xaricdə
yaşayan gənc soydaşlarımızın qlobal koronavirus pandemiyası, Tovuz təxribatları
və 44 gün davam edən Vətən müharibəsi zamanı göstərdikləri fəaliyyət yüksək
qiymətləndirilib. Komitə sədri vətənpərvərlik, təşəbbüskarlıq, kreativlik,
innovativ düşüncə tərzi və müasir dünyagörüşü nümayiş etdirən diaspor və RİİB könüllülərinə,
eləcə də xaricdə yaşayan gənc soydaşlarımıza minnətdarlığını bildirib, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir Diaspor Könüllülərinin fəaliyyətindən bəhs
edən videoçarxın və RİİB tərəfindən hazırlanan “Könüllülər himninin nümayişi ilə
davam etdirilib.
Daha sonra RİİB-in Bakı Regional Bölməsinin rəhbəri
Elvin Aslanov, "Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru
Bəxtiyar Rəhimov və könüllülər çıxış ediblər.
Çıxışlarda könüllülərin fəaliyyətinə yaradılan şəraitə
görə dövlət başçısına, Heydər Əliyev Fonduna, ayrı-ayrı dövlət strukturlarının
rəhbərlərinə minnətdarlıq ifadə edilib, görülən işlər haqqında məlumat verilib,
informasiya müharibəsində könüllülərin sosial şəbəkə üzərindən fəaliyyətləri
qeyd olunub, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib.
Videokonfrans 2020-ci il ərzində “Karabakh is
Azerbaijan!” Milli platformasında xüsusi aktivliyi ilə seçilən şəxslərə təşəkkürnamələrin
təqdim edilməsi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibəti ilə Diaspor və "Regional İnkişaf" İctimai Birliyi
könüllülərinin dünya azərbaycanlı gənclərinə birgə müraciətinin səsləndirilməsi ilə başa çatıb.