İnklüziv təhsillə bağlı beynəlxalq elmi konfrans keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) icra etdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv təhsil: reallıqlar, çağırışlar və perspektivlər” mövzusunda onlayn beynəlxalq elmi konfrans təşkil olunub. Tədbir Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Kanadanın Konkordia Universiteti (Concordia University of Edmonton) ilə birgə keçirilib.
İkigünlük konfransın açılışında çıxış edən layihə rəhbəri Leyla
Tağıyeva bildirib ki, bu layihənin icrası ilə inklüziv təhsil sahəsində kadr
potensialının gücləndirilməsi, dərslik və digər əyani vəsaitlərin hazırlanması,
inklüziv cəmiyyətin formalaşdırılması üçün ictimai maarifləndirmənin
genişləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsinə dair
təkliflərin hazırlanması və digər istiqamətlərdə işlər görülüb. Bununla da
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud
şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya
qoyulan bir sıra məqsədlərin reallaşdırılmasına töhfə verilib.
ADPU-nun
prorektoru Asəf Zamanov qeyd edib ki, layihə kadr hazırlığı işinə bir çox
aspektdə faydalı olub. Belə ki, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan
inklüziv təhsil üzrə təlim modulları universitetdə 4 ixtisas üzrə “İnklüziv
təhsil” fənninin proqramına inteqrasiya edilib. Layihə çərçivəsində ADPU və
onun filiallarında müasir texnoloji resurs və əyani vəsaitlərlə təmin edilən,
kadr hazırlığı üçün faydalı mənbə olan İnklüziv Təhsil Mərkəzləri yaradılıb.
Avropa
İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ötən müddət ərzində
layihə çərçivəsində dayanıqlı məhsullar hazırlandığını qeyd edib. Səfir, həmçinin
bütün şagirdlərin keyfiyyətli təhsil alması üçün elmi tədqiqatlara əsaslanan
təlim yanaşmalarının tətbiqinin vacibliyini diqqətə çatdırıb.
Təhsil
İnstitutunun direktor müavini Ülkər Babayeva inklüziv təhsilin Azərbaycanda
təhsil siyasətinin mühüm tərkib hissəsi olduğunu, son dövrlərdə qəbul edilən
qanun və proqramlarda inklüziv təhsilə xüsusi yer verildiyini vurğulayıb.
UNICEF-in
Azərbaycandakı nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova Uşaq
Fondunun icra etdiyi oxşar layihə çərçivəsində RİİB ilə çoxistiqamətli
əməkdaşlıq edildiyini bildirib. O, həmçinin inklüziv təhsilin yalnız əlilliyi
olanların deyil, bütün uşaqların bərabər və keyfiyyətli təhsil almasını təşviq
edən anlayış kimi təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.
Təqdimatlar
bölümündə “İnklüziv təhsilin dəstəklənməsi: nələr səmərəlidir, nələr deyil?”
mövzusunda təqdimatla çıxış edən Kanadanın Konkordia Universitetinin prezidenti
Timoti Lorman inklüziv təhsilin milli və beynəlxalq kontekstdə daim təkmilləşən
bir proses olduğunu və mütəmadi islahatlar aparmaqla buna hazırlıqlı olmağın
vacibliyini qeyd edib.
Daha
sonra beynəlxalq təhsil eksperti Piter Qrayms, inklüziv təhsil üzrə beynəlxalq
ekspert Marike Stivens, İnklüziv Təhsil Mərkəzinin direktor müavini Amelia
Roberts və Portuqaliya Təhsil İdarəsinin direktoru Filomena Pereira inklüziv
təhsilin uğurlu tətbiqi üçün yol xəritəsi, müəllim inkişafına dair beynəlxalq
təcrübə və tendensiyalar, inklüziv təhsili dəstəkləmək üçün tədris prinsipləri,
bu sahədə beynəlxalq təcrübə və perspektivlərə dair məruzə və təqdimatlarla
çıxış ediblər.
200-dən çox yerli və beynəlxalq ekspert, inklüziv təhsil üzrə mütəxəssis, gənc tədqiqatçıların iştirakı ilə keçən tədbirdə, həmçinin inklüziv təhsilin fəlsəfi əsasları, hüquqi aspektləri və digər istiqamətlərdə məruzələr dinlənilib, müzakirələr aparılıb.