Müharibədən zərər çəkən uşaq və analara tibbi-psixoloji dəstək layihəsi həyata keçirilir
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Ağcabədi və Ağdam rayonlarında müharibədən zərər çəkən azyaşlı uşaqlar, südverən analar və hamilə qadınlar üçün tibbi-psixoloji, eləcə də onların sosial, fiziki və əqli inkişafına dəstək layihəsi həyata keçirilir.
Rayonlara ezam olunmuş pediatr, uşaq
psixiatrı, nevroloq və psixoloqlar iki ay davam edəcək layihəyə cəlb edilən
şəxslərin müayinə və müalicəsini aparır, uşaqların rahat və təhlükəsiz şəraitdə
yetişməsi, şəxsiyyət kimi formalaşması üçün inkişafetdirici oyunlar, müxtəlif
fəaliyyətlər təşkil edirlər. Eləcə də gənc analara uşaqların
təlim-tərbiyəsi, ana südü ilə qidalandırılmasının əhəmiyyəti, uşaqlar və
valideynlər arasında emosional bağlılığın təşviqi və digər istiqamətlərdə
məsləhətlər verilir.
RİİB könüllüləri sakinlərin layihəyə cəlb olunması və
qeydiyyatı, layihənin icrası zamanı yeni növ koronavirus (COVID-19) pandemiyası
ilə əlaqədar karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət, həmçinin
maarifləndirmə işləri həyata keçirirlər.
Qeyd edək ki, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin layihənin icra vəziyyəti ilə yerində tanış olmaq üçün Ağcabədi və Ağdam rayonlarında olub və rayon icra hakimiyyəti nümayəndələri, həkimlər, pasiyentlər, RİİB könüllüləri ilə görüşərək onlarla fikir mübadiləsi aparıb.