RİİB Könüllülər himni hazırladı
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Könüllülər ili”nə töhfə vermək, gəncləri ölkəmizin sosial-ictimai həyatında fəal iştiraka, həmrəyliyə təşviq etmək məqsədilə Könüllülər himni hazırlanıb.
Tanınmış müğənnilərin, müxtəlif təşkilatlarda fəaliyyət göstərən
könüllülərin ifasında, eləcə də onların müxtəlif tədbir və layihələrdə
iştirakına aid görüntülərlə təqdim olunan himnin bəstəkarı Əməkdar artist Vüqar
Camalzadə, sözləri mərhum şair İsmayıl Dadaşova aiddir.
Qeyd edək ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq
tərbiyəsinin gücləndirilməsi, onlarda humanizm və sosial məsuliyyət hisslərinin
möhkəmləndirilməsi, innovativ düşüncə və rəqabətədavamlı biliklərin və
yaradıcılığın təşviqi, gənc nəslin ictimai həyatda fəal iştirakının
dəstəklənməsində könüllülük hərəkatının rolu danılmazdır.
Azərbaycan dünyada könüllülük fəaliyyətinin inkişafı və
təbliğində xüsusi yeri olan ölkələrdəndir. Ölkəmizin yüksək səviyyədə ev
sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci
Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları
və digər beynəlxalq tədbirlərin təşkili və keçirilməsində minlərlə könüllü gənc
əvəzsiz rol oynamış, Vətənə sevgi və bağlılıqlarını ortaya qoymuşlar.
Bu gün dünyada qlobal təhdidə çevrilən yeni növ koronavirus
(COVID-19) infeksiyası ilə əlaqədar minlərlə könüllü Prezident İlham Əliyevin
və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq,
pandemiya ilə mübarizədə əhalinin maarifləndirilməsi, həssas kateqoriyadan olan
insanlara sosial xidmətlərin göstərilməsi, Ermənistanın hərbi təcavüzü
nəticəsində zərərçəkmiş soydaşlarımıza köməkliyin edilməsi, Vətən müharibəsi
zamanı şəhid olan hərbçilərin ailələrinə və yaralı əsgərlərə mənəvi dəstək və
digər istiqamətlərdə xidmətlər göstərir.