150 +994505000150

RİİB erməni terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

20 noyabr 2020
Paylaş
RİİB erməni terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Ermənistanın hərbi-siyasi hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət nəticəsində uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi cinayətlərin, xüsusilə ekoloji cinayətlərin, vandalizm aktlarının dayandırılmasına dəstək verilməsi ilə bağlı 40-dan çox beynəlxalq təşkilata müraciət ünvanlayaraq, baş verən hadisələrə laqeyd qalmamağa çağırıb.

Müraciətdə bildirilir ki, dünya ictimaiyyəti tərəfindən ərazi bütövlüyü birmənalı olaraq tanınan Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistan 1 milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşamasına səbəb olmaqla, onların yaşamaq və mülkiyyət hüququnu pozmuş, illərdir bu torpaqlarda mədəni və ekoloji terror törətməklə Azərbaycana maddi-mənəvi zərər vurub. 

Birinci Dağlıq Qarabağ müharibəsi dövründə işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsi - tarixi və dini abidələri məhv edilmiş, sənət əsərləri talan olunmuş, müxtəlif ölkələrdə hərraca çıxarılaraq satılmış, antik sikkələrin, qızıl və gümüş məmulatlarının, nadir və qiymətli daşların, xalçaların və əl işlərinin saxlandığı Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Şuşa Tarix Muzeyi, Ağdamda yerləşən və dünyada yeganə olan Çörək Muzeyi və Daş Abidələr Muzeyi dağıdılıb.

Ali Baş Komandan, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad edilmiş Zəngilan rayonundakı tarixi məscidin, Ağdam Cümə Məscidinin donuz tövləsi kimi istifadə edildiyi aşkar olunmuş, bu barədə müxtəlif xarici KİV-də məlumat yayımlanıb.

İşğal altında olmuş Azərbaycanın 25 faiz meşə massivinə, həmin ərazilərdəki ekoloji mühitə, təbii sərvətlərə, bioloji müxtəlifliyə Ermənistan bu gün də qəsd etməkdə davam edir. Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixdə əldə edilmiş üçtərəfli razılaşmaya əsasən, ermənilər qanunsuz olaraq məskunlaşdıqları əraziləri tərk edərkən ölkəmizin özünəməxsus ekosistemini məqsədli şəkildə məhv edir, ağacları kütləvi şəkildə kəsir, evləri yandırırlar. Şuşa şəhərinin meşə zolaqlarının zəhərli maddələrdən istifadə edilərək yandırılması təcavüzkar ölkənin qeyri-insani mahiyyətini bir daha nümayiş etdirir. 

İndiyədək təqribi hesablamalara görə, ümumilikdə 1815 hektar meşə sahəsi məhv edilib. İşğalçı ölkənin təbiətə və ekologiyaya vurduğu zərər Ermənistanın 2002-ci ildən tərəfdaşı olduğu İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyasının müddəaları ilə də qadağan edilir.

Müraciətdə, həmçinin Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, Tərtər, Naftalan, Bərdə, Ağcabədi, Ağdam, Xızı və Abşeron rayonlarında yaşayış məntəqələrinə raket zərbələri endirərək, mülki vətəndaşların həyatına son qoyması, yaşayış evlərinə, infrastruktura ciddi ziyan vurması barədə ətraflı məlumat verilib.