"Erkən uşaqlıq dövründə inkişaf" layihəsi həyata keçirilir
BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə "Erkən uşaqlıq dövründə inkişaf" (EUDİ) layihəsi həyata keçirilir.
2 il davam edəcək layihənin əsas məqsədi
0-8 yaş dövründə uşaqların sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi,
uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə
bağlı valideynləri, təhsil, tibb, sosial xidmət mütəxəssislərini, o cümlədən həssas
qrupa aid olan uşaqlara qayğı göstərən şəxsləri maarifləndirməkdən ibarətdir.
Layihənin hədəf regionları olaraq Bakı, Gəncə
və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonları müəyyən edilmişdir.
İctimai maarifləndirmə tədbirləri çərçivəsində
artıq layihənin sosial səhifələri üzərindən tibb, təhsil və digər sosial sahələrdə
çalışan mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda canlı yayımlar təşkil
edilir, eləcə də xüsusi animasiya videoları, məlumatlandırıcı posterlər və digər
dizayn məhsulları paylaşılır.
Həmçinin, layihə çərçivəsində Təlim Mərkəzinin
və portalın yaradılması istiqamətində intensiv işlər aparılır. Həmin mərkəzdə mütəxəssislər
və valideynlər üçün təlimlər təşkil olunacaq, eləcə də erkən yaşdan uşaqların
bioloji, psixoloji və emosional inkişafını stimullaşdırmaq və onlara düzgün
qulluq göstərmək məqsədilə valideynlər və digər maraqlı tərəflər arasında geniş
maarifləndirmə işləri aparılacaq.
Layihənin
növbəti mərhələsində aidiyyəti qurumlar da cəlb olunmaqla müxtəlif dəyirmi
masaların, konfransların təşkili, “Ailə festivalı” formatında silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq
ki, layihə 2019-cu ilin 18 oktyabr tarixində Heydər Əliyev Fondu ilə BMT-nın
Uşaq Fondu (UNİCEF) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata
keçirilir. Memorandumda inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində
birgə müxtəlif layihələrin həyata keçirilməsi, bu sahədə valideynlərin təhsil və
təcrübələrini dəstəkləyən proqramların reallaşdırılması, ictimai maarifləndirmə
işlərinin genişləndirilməsi nəzərdə tutulur.